Gürcüstanın baş naziri İrakli Kobaxidze Gürcüstan televiziyasına müsahibəsində bildirib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi rolunu oynamağa hazırdır. Bəs Gürcüstanın bu prosesdə vasitəçi olması gözlənilirmi? Bu, baş verərsə, sülh danışıqlarına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az -a açıqlamasında bildirib ki, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına vasitəçilik etmək təklifi tamamilə təqdirə layiq bir addımdır:
"Çünki Gürcüstan da Azərbaycan və Ermənistan kimi Cənubi Qafqaz dövlətidir. Cənubi Qafqazın problemlərinin də Cənubi Qafqaz dövlətləri arasında həll olunması olduqca vacib bir modeldir. Bu, eyni zamanda Cənubi Qafqazdakı sülh prosesinə vasitəçilik etmək uğrunda mübarizə aparan böyük dövlətlərin, beynəlxalq siyasi iradə mərkəzlərinin əngəlləyici davranışlarını da aradan qaldırmaq üçün önəmli rol oynaya biləcək bir təklifdir. Çünki ABŞ və Qərb Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə vasitəçilik etmək üçün Rusiya ilə rəqabət aparır. Burada da əsas səbəb ondan ibarətdir ki, Cənubi Qafqazdakı sülh prosesinə vasitəçilik edən və Azərbaycan-Ermənistan arasında yekun sülh sazişinin imzalanmasında arbitr kimi iştirak edən tərəf son nəticədə Cənubi Qafqazdakı proseslərə təsir göstərmək üçün yeni mexanizm qazanmış olacaq. Ona görə də hazırda Rusiya və Qərb arasında bu məsələ üzərində kəskin mübarizə və rəqabət mövcuddur.
Politoloq vurğulayıb ki, əgər sülh prosesi Gürcüstanın vasitəçiliyi ilə davam edərsə, bu həm Azərbaycanın, həm Ermənistanın, həm də ümumiyyətlə Cənubi Qafqazın maraqlarına cavab verən bir prosesə çevrilə bilər:
"Burada təbii ki, Azərbaycan Gürcüstanın vasitəçiliyində maraqlı olduğunu gizlətmir və bununla razılaşa bilər. Lakin Ermənistanın verəcəyi reaksiya hələlik müəmmalıdır, çünki Ermənistan Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Fransanın Cənubi Qafqazdakı müstəmləkəsidir. Əgər Qərbdən Ermənistana təlimat gələrsə ki, Gürcüstanın vasitəçiliyini qəbul etmə, Rəsmi İrəvan təbii ki, bu vasitəçiliyi qəbul etməyə bilər. Bu da çox ciddi bir problemdir. Ermənistan hazırda Qərb tərəfindən idarə olunan bir dövlət olduğundan Cənubi Qafqazdakı sülh prosesinə də Qərb siyasi dairələri məhz Ermənistan üzərindən kobud şəkildə əngəlləyici müdaxilə edirlər. Ona görə də hazırda Paşinyan hakimiyyətinin Gürcüstandan gələn bu təklifə verəcəyi reaksiya böyük önəm daşıyır. Qərb bu məsələnin qarşısını alarsa, Ermənistana icazə verməzsə, o zaman Paşinyan hakimiyyətinin böyük ehtimalla Gürcüstanın vasitəçilik təklifini geri çevirəcəyi gözlənilir.
Gülşad İbrahimova