Vladimir Putin Rusiya ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqaviləni ratifikasiya edən qanunu imzalayıb. Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, 2024-cü il iyunun 19-da Pxenyanda imzalanmış saziş bir sıra sahələrdə tərəfdaşlıq və strateji əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır. Tərəflər silahlı təcavüz təhlükəsi yarandıqda bir-birlərinə köməklik göstərməyi və qarşı tərəfə qarşı yönəlmiş müqavilələr bağlamamağı öhdələrinə götürürlər. Həmçinin Rusiya və Şimali Koreyanın ərazilərinin bir-birinin suverenliyini və təhlükəsizliyini pozmaq üçün istifadəsinə icazə verməyəcəkləri də nəzərdə tutulur.
Saziş təhlükəsizlik, iqtisadiyyat, ticarət, elm, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlığı əhatə edir. O, həmçinin tərəflərdən birinə qarşı qeyri-qanuni tətbiq edilən sanksiyalara qarşı öhdəlikləri özündə əks etdirir və beynəlxalq informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir.
Müqavilə ratifikasiya sənədlərinin mübadiləsindən sonra qüvvəyə minəcək, bundan sonra Rusiya və KXDR arasında 2000-ci ildə imzalanmış köhnə dostluq və əməkdaşlıq müqaviləsi qüvvəsini itirəcək.
Gültac Mehdizadə