İngiltərənin aparıcı qəzetlərindən "The Guardian" sosial media platforması "X"lə (əvvəlki adı Twitter) bağlı xəbər paylaşmayacağını elan edib. Qəzet "X"in sahibi İlon Maskın siyasi diskursu yönləndirmək üçün platformanı zəhərli bir mühitə çevirdiyini bildirib. Açıqlamada platformadakı ifrat sağçı nəzəriyyələr və irqçilik də daxil olmaqla, narahatedici məzmunların mövcudluğu səbəbilə bu qərarın verildiyi vurğulanıb.
Nəşr "X"in canlı xəbər mühiti olduğu üçün bəzən məqalələrində bu platformadan istifadə etməyə davam edəcəyini, amma əsas olaraq jurnalistikasını başqa platformalarda tanıtmaq istədiyini bildirib. "The Guardian" auditoriyasına birbaşa öz saytları vasitəsilə çatmalarını üstün tutduğunu əlavə edib.
Bununla yanaşı, Fransanın tanınmış qəzetləri də "X"i məzmunlarını ödənişsiz yaymaqda günahlandıraraq məhkəməyə müraciət edəcəklərini elan ediblər. Bu iddiaya "Le Figaro", "Le Monde" kimi qəzetlər də qoşulub. Şirkət Fransız qanunlarına uyğun olaraq "qonşu hüquqlarını" pozmaqda ittiham olunur və Paris məhkəməsi "X"in platformadakı məzmunlardan əldə etdiyi gəlirləri göstərməsi üçün iki ay müddət verib.
Elnurə Kərimova