COP29-un Azərbaycanda keçirilməsi, ölkənin qlobal iqlim dəyişikliyi müzakirələrində önəmli rol oynadığını və beynəlxalq səylərə verdiyi dəstəyi göstərir. Bu tədbir, Azərbaycanın davamlı inkişaf və ekoloji balans üçün atdığı addımları dünya səhnəsində nümayiş etdirmək üçün bir platformadır.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, COP29-da ölkənin rəqəmsal texnologiya və innovasiyalarla bağlı strategiyalarını və görülən işləri təqdim edir. Bu tədbir çərçivəsində agentlik, iqlim dəyişikliklərinə qarşı rəqəmsal həllər və layihələri nümayiş etdirir.
COP29-la bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin qəbul etdiyi əsas qərarlar və təkliflər, irəli sürdüyü layihələr hansılardır?
Məsələ ilə bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin baş məhsul meneceri Fəridə Fərəcova Crossmedia.az-a şərhində bildirib:
“Əsas məsələ bizim vətəndaşlarımızdır. COP ilə əlaqəsi ondan ibarətdir ki, vətəndaşlar üçün həyata keçirdiyimiz bütün xidmətlər, məsələn, "digital.login", "mygov" rəqəmsal hökumət platforması və RSD (Rəqəmsal Sənəd Dövriyyəsi) platformaları, ətraf mühitin qorunmasına töhfə verir. Xüsusilə RSD, kağızsız hökumət modelinin əsasını təşkil edir ki, bu da karbon izinin azaldılması deməkdir. "mygov" tətbiqi vətəndaşlara rəqəmsal xidmətlərdən istifadə edərək dövlət qurumlarına daha az fiziki səfər etməyə imkan verir. Bu da onların mobil tətbiq və ya veb portal vasitəsilə işlərini həll etmələrinə şərait yaradır. Beləliklə, səyahətlərin azalması ilə karbon izinin azalması təmin edilir. Bu, ekologiyamız üçün ən böyük töhfələrdən biridir. "mygov" hər bir vətəndaş üçün əlçatandır və onlar bu portal vasitəsilə müxtəlif dövlət xidmətlərindən yararlana bilərlər. Vətəndaşlar dövlətlə əlaqəli bütün prosesləri həm veb portal, həm də mobil tətbiq vasitəsilə həyata keçirə bilirlər.
Digər bir məhsulumuz "digital.login"dir ki, onun vasitəsilə vətəndaşlar bir tətbiqdən və ya portaldan 160-dan çox dövlət qurumuna daxil ola bilirlər.
RSD (Rəqəmsal Sənəd Dövriyyəsi) platforması qurumlar arasında sənədlərinin rəqəmsal formada mübadiləsini təmin edir və kağızdan istifadənin qarşısını alır. Hazırda dövlət qurumları öz aralarında RSD vasitəsilə ünsiyyət saxlayırlar. Məhkəmələr də artıq bu platforma üzərindən kağızsız formada fəaliyyət göstərir. Bu, kağızsız hökumətə keçid istiqamətində atılan mühüm addımlardan biridir. Hazırda qurumlar arasında dövr edən sənəd mübadiləsilə ayda 1 milyondan çox kağıza qənaət edilir”.
Samirə Kərimli