Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) beynəlxalq səviyyədə diqqət çəkən hadisələrə səhnə oldu. Dünyanın müxtəlif yerlərindən gələn nümayəndələr iqlim dəyişikliyi ilə mübarizə yollarını müzakirə edərkən, bəzi fəallar konfransın keçirildiyi məkanda Niderland və Fransanın müstəmləkə siyasətinə qarşı aksiya keçirdilər. Bu aksiya, keçmiş müstəmləkə ölkələrinin səslərinin və hüquqlarının tanınması, eləcə də tarixi ədalətsizliklərin aradan qaldırılması tələblərini gündəmə gətirdi. Belə tədbirlər iqlim problemləri ilə yanaşı, sosial və tarixi ədalət məsələlərinə də diqqət çəkərək, konfransın rəngarəng müzakirələrlə zənginləşməsinə səbəb oldu.
Mövzu ilə bağlı politoloq Yalçın Hacızadə Crossmedia.az saytına açıqlamasında bildirib ki: "İnsan hüquqlarından dünyaya dərs keçməyə çalışan, bu fundamental prinsipdən dövlətlərin daxili işlərinə müdaxilə etməklə məşğul olan Fransa və Niderland kimi ölkələr hələ də müstəmləkə siyasətlərini həyata keçirirlər. Afrikada, Yaxın Şərqdə, Dənizaşırı regionlarda vəhşiliklər törədən, Əlcəzairdə, Ruandada, Livanda, Konqoda, Nigerdə və digər ölkələrdə soyqırımlar həyata keçirən Fransa, dünyaya Azərbaycan ermənilərə qarşı “soyqırımı törədir” yalanı ixrac edir.
Fransa BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biri olaraq dünyada sülhün və təhlükəsizliyin təmin olunması öhdəliyini üzərinə götürsə də günümüzdə neokolonizmi, separatizmi dəstəkləyən ölkədir. Özünü dünyanın demokratik, sivil, bəşəri dəyərlərə sahib ölkəsi kimi göstərəməyə çalışan Fransanın hər keçən gün yeni mənfi keyfiyyətləri ortaya çıxır. Törətdiyi bəşəri cinayətlərdən utanmaq, müstəmləkəsi altında olan xalqlara azadlıq vermək əvəzinə həmin xalqlara qarşı silahlı güc tədbiq edir və cinayətləri qarşısında susmayan, onları dünya ictimaiyyətinə çatdıran Azərbaycanla düşmənçilik edir".
Həmçinin Yalçın Hacızadə qeyd edir ki: "Dünya birliyi tərəfindən Azərbaycanda keçirilməsinə yekdilliklə razılıq verilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) boykot edilməsi barədə Fransanın canfəşənalığının heç bir təsiri olmadı. Əksinə olaraq isə Fransa zülmünə məruz qalan ölkələr və xalqlar dünyaya öz sözlərini demək, etirazlarını bildirmək imkanı əldə etdilər.
Yaşadığımız XXI əsrdə xalqların hələ də müstəmləkədə saxlanılması, onları yaşamaq, qida kimi fundamental hüquqlardan məhrum edilməsi, müstəqillik əldə edilməsinə imkan verilməməsi, azadlıqlarının silah gücü ilə məhdurlaşdırılması qəbul edilən deyil. COP29-da iştirak edən həmin xalqların rəhbər şəxslərinin və nümayəndələrinin də dünyaya çağırışı onların səslərinin eşidilməsi, öz varlıqlarının, problemlərinin dünyaya nümayiş etdirmələri baxımından böyük fürsətdir. Uzun müddətdir həmin xalqların sərvətləri Niderland və Fransa kimi müstəmləkəçi dövlətlər tərəfindən talan edilir, ekosistem, flora və faunaları məhv edilir. Bunun da nəticəsində dünyada ən çox iqlim dəyişikliklərinə məruz qalan onlardı. Ona görə də haqlı olaraq bu gün dünyaya öz etirazlarını həm də COP29 çərçivəsində bildirirlər. Belə etirazlarla məqsədləri dünya birliyindən yardım almaq, Fransa və Niderland kimi neokolonist siyasətlərini davam etdirən ölkələrə təzyiqlər göstərilməsinə nail olmaqdır".
Ayhan Ağarzayev