COP29

COP29 tədbir məkanı Bakı Olimpiya Stadionu COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təhvil verilib.

Crossmedia.az bu barədə Əməliyyat Şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumatda qeyd olunub ki, bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransının tədbir məkanında yerləşən Mavi Zonası COP29 Azərbaycan Əməliyyat Şikəti tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) rəsmi surətdə müvəffəqiyyətlə təhvil verilib.

Belə ki, Mavi Zonanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təhvil verməklə, COP29 Azərbaycan Əməliyyat Şirkəti mühüm əməliyyat mərhələsinə yekun vurub. Nümayəndə heyətlərinin tədbir məkanında rahatlığının təmin edilməsi üçün burada müvafiq şərait yaradılıb. Mavi Zonada təxminən 39 piyada yoxlama-keçid zolağı, akkreditasiya üçün 35 qeydiyyat masası, müyəssərliklə bağlı üç xüsusi yardım masası, eləcə də 9 əlavə və 5 xüsusi tədbir otağı, habelə nümayəndə heyəti üçün 132 ofis yerləşir. Burada həmçinin nümayəndələr üçün müxtəlif qida və içkilərin təklif olunduğu müxtəlif iaşə sahələri yerləşir.

Sözügedən Zona BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə olunan rəsmi konfrans və danışıqlar məkanıdır. COP29 zamanı bütün sessiya, görüş, əlavə tədbir və mətbuat konfransları məhz Mavi Zonada keçiriləcək. Mavi Zonaya yalnız UNFCCC tərəfindən akkreditasiya olunmuş iştirakçılar buraxılacaq.

Konfrans zamanı hər gün səhər saat 07:00-dan axşam saat 22:00-a kimi əsas nəqliyyat qovşaqları ilə Bakı Olimpiya Stadionu arasında konfransın xüsusi marşrut avtobusları işləyəcək. Bununla yanaşı, axşam saat 22:00-dan sonra da stadionda qalan insanlar üçün məhdud sayda marşrut avtobusları xidmət göstərməyə davam edəcək.

Qeyd edək ki, COP29-un qonaqları yenicə istifadəyə verilmiş və strateji mövqelərdə yerləşən nəqliyyat qovşaqlarını, eləcə də tədbirin keçirildiyi yer və zonaları, habelə qonaqlama yerləri haqqında məlumatları özündə əks etdirən Rəqəmsal Nəqliyyat Xəritəsindən onlayn qaydada istifadə etməklə Bakı Stadionuna gediş-gəlişi planlaşdıra biləcəklər.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il