COP29 ərəfəsində “Etnik təmizləmə” mövzusunda Azərbaycana qarşı təzyiqlər hiss olunmaqdadır.
Crossmedia.az xəbər verir ki, bu fikirləri “APA-Holding” MMC-nin prezidenti, əməkdar jurnalist, Mətbuat Şurasının İdarə heyətinin üzvü Vüsalə Mahirqızı bu gün Bakı Dövlət Universitetində “İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının mahiyyəti və məqsədləri” mövzusunda təşkil olunan dəyirmi masada çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, bu mübarizənin iki əsas forması var. Azərbaycan illərdir bildirir ki, burada heç bir etnik təmizləmə baş verməyib və bunu göstərmək üçün müxtəlif video çəkilişlər aparılıb. Ərazini könüllü şəkildə tərk edən ermənilərin heç biri zorla çıxarılmayıb. Sosial şəbəkələrdə və mediada ermənilərə “qalmaq üçün hər cür şərait yaradılıb, təhlükəsizlik zəmanəti verilib” deyilməsinə baxmayaraq, Azərbaycan buna görə dəfələrlə tənqidlərlə üzləşib. Lakin onlar öz iradələri ilə, gələcəkdə bu ərazilərdə davamlı şəkildə yaşamağın mümkün olmayacağını başa düşərək, ərazini könüllü şəkildə tərk ediblər:
“Onların əmlaklarına heç bir ziyan dəymədən ərazini tərk etdiklərini göstərən videolar çəkilib və mediaya təqdim edilib. Hətta bəzi ermənilər müsahibələrində də məcburən evlərindən çıxarıldıqlarını iddia etməyiblər. Əgər belə bir hal olsaydı, dünya mediasında geniş şəkildə işıqlandırılardı. Bunun əksinə olaraq, Azərbaycana qarşı hələ də “etnik təmizləmə” ifadəsi işlədirlər. Bu bilərəkdən saxta xəbər yaratmaq, üzərində siyasi təzyiq qurmaq və onu davam etdirmək məqsədi güdür”.
Son olaraq V.Mahirqızı onu da bildirib ki, 25 illik təcrübəyə malik bir jurnalist olaraq, bu məsələdə mübarizənin yolunu görmür. Çünki artıq sübut yolu da bitib. Ölkə başçısı açıq şəkildə zəmanət verir, jurnalistlər vəziyyəti əyani şəkildə göstərir, amma bütün bunlara baxmayaraq, bu saxta ittihamlarla mübarizə üçün daha səmərəli bir üsul hələ də tapılmayıb.
Aytac Bəhruzqızı