COP29

Məlum olduğu kimi, bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb. COP29-un Azərbaycanda keçirilməsi, iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal əhəmiyyət kəsb edən mühüm bir addımdır. Bu konfrans, planetimizin gələcəyini təhlükə altına alan ekoloji problemlərə qarşı birgə tədbirlər görmək və davamlı inkişaf hədəflərinə uyğun qəti addımlar atmaq üçün dövlətləri bir araya gətirir. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi, ölkənin iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini və bərpa olunan enerji sahəsində atdığı addımları bir daha beynəlxalq səviyyədə nümayiş etdirməsinə şərait yaradır.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bu mövzuda öz fikirlərini Crossmedia.az-a bölüşüb: “Bu gün Azərbaycanda beynəlxalq miqyasda nüfuzlu bir tədbir – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu konfransı işə başlayıb. Dünya dövlətləri COP29-da iqlim maliyyəsi üzrə məsələnin müzakirəsi üçün Bakıya toplaşıb. Azərbaycanın COP29-a təşkilatçılığı iqlim fəsadları ilə mübarizədə bütün maraqlı tərəflərin müzakirələrə qoşulması və uğurlu nəticə əldə edilməsi üçün gözəl ortam yaradıb. COP29-un təşkilatçılığının Azərbaycana verilməsi ölkəmizin qlobal iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması istiqmətində götürdüyü öhdəliklərə uyğun uğurlu layihələrə icra etməsi ilə bağlıdır. Azərbaycanın “Yaşıl enerji”yə keçid istiqamətində atdığı addımlar 2015-ci ildə imzalanmış Paris Sazişinə uyğundur. Ölkəmiz 2050-ci ilə qədər karbon emissiyasının 40 faizə qədər azaldılması öhdəliyini götürüb. Son 15 ildə Azərbaycan bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı uğurlu layihələr həyata keçirib. Ölkənin 3 böyük regionu Yaşıl Zona elan edilib. Bakıda regionun ən böyük Günəş Elektrik Stansiyası yaradılıb”.

E.Cəfərli qeyd edib ki, ölkəmiz qlobal iqlim fəsadları ilə mübarizədə özünü modelini yaratmaqdadır: “COP29-a gələnlərin çoxluğu, tədbirin yüksək səviyyədə baş tutması beynəlxalq aləmdə ölkəmizin nüfuzunu artıracaq. Bəzi qüvvələrin COP29-a qarşı apardığı əks-təbliğat effektsiz oldu. Dünya birliyi Azərbaycanın iqlim təşəbbüslərini dəstəkləyir. Yəqin bu toplantıda qlobal iqlim təşəbbüslərinə fayda verəcək qərarlar qəbul olunacaq. Artıq müzakirələr başlanıb və ciddi təkliflər də verilib. Avropadan gələn ekspertlər bildirir ki, qlobal iqlim dəyişikliyi ilə mübarizə işlərinə ən azı 1-2 trilyon maliyyə vəsaiti lazımdır. Qlobal iqlim fəsadları ilə mübarizədə xüsusilə xırda dövlətlərə, zəif inkişaf etmiş ölkələrə dəstək vermək lazımdır. Yəqin ki, Bakı toplantısında bu istiqamətdə qərarlar qəbul olunacaq”.

Ekspert ölkəmizin iqlim dəyişikliyi ilə bağlı hər kəslə dialoqa hazır olduğunu vurğulayıb: “Biz, iqlim fəsadları ilə mübarizə işində səmimi və ardıcılıq. Lakin planetimizin gələcəyi üçün vacib müzakirələrə siyasi rəng verməyə çalışanlar var. Fikrimcə, qlobal iqlim dəyişikliyi ciddi məsələdir və hər kəs bu işin ciddiyyətini anlamalıdır. Müasir dünyamızda qlobal iqlim dəyişikliyi ilə mübarizəyə mane olan əsas ünsürlərdən biri də müharibələr, onların doğurduğu fəsadlardır. Müharibələr ətraf mühitə zərbə vurur, münbit torpaq qatını, əkin sahələrini, suvarma sistemlərini məhv edir. Post-müharibə dövründə də qlobal iqlim fəsadları ilə mübarizə çətinləşir. Baxın, Azərbaycan Yaşıl Zona elan etdiyi 2 böyük regionunda tikinti-quruculuq, bərpa işləri aparır. Lakin mina təhlükəsi o işlərin aparılmasını ləngidir. Ona görə də tezliklə hərbi münaqişələr həllini tapmalı, dünya dövlətləri yalnız ekoloji problemlərin həllinə cəhd etməlidir. Qlobal istiləşmənin nəticələrinin yumşaldılması tədbirləri gücləndirilməsə, planetimizin gələcəyi təhlükə altına düşəcək”. 

Günəş

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il