COP29 - BMT-nin İqlim Dəyişiklikləri üzrə Konfransının 29-cu sessiyasıdır. 11-22 noyabr tarixlərində keçiriləcək bu konfrans iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirməyə yönəlib. Bildirdiyimiz kimi, iqlim dəyişikliyi artıq iqtisadi, sosial və ekoloji sistemlərə ciddi təsirlər göstərir. Bəs iqlim dəyişikliyi ilə bağlı təsirlərin azadılması üçün COP29 bizə nələr qatacaq?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyeva bu sahədə sualları cavablayıb.
Ekspert ilk növbədə bildirib ki, son günlərin aktual mövzusu olan COP29-un ölkəmizdə keçirilməsi məsələsi iqlim dəyişikliyi ilə mübarizədə qlobal səyləri bir araya gətirmək və konkret tədbirlər həyata keçirmək üçün əhəmiyyətli bir tədbirdir. Müsahibimiz qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının illik iclası olan COP29 dünya liderləri, iqlim mütəxəssisləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək, iqlim dəyişikliyinə qarşı birgə həll yolları axtarır:
“COP29-un əsas məqsədləri, qlobal əməkdaşlığı gücləndirərək karbon emissiyalarını azaltmaq üçün konkret tədbirlərin həyata keçirilməsidir. Bu çərçivədə ölkələr iqlim siyasətlərini gücləndirmək, daha iddialı hədəflər qoymaq və təmiz enerji mənbələrinə keçidi sürətləndirmək öhdəliyi götürürlər. COP29-un əsas məqsədi Paris Sazişinin hədəflərinə çatmaq üçün ölkələri konkret və iddialı addımlar atmağa sövq etməkdir. Paris Sazişi qlobal orta temperatur artımını sənaye öncəsi səviyyələrdən 2°C-dən aşağı saxlamağı və mümkün olduqda bu artımı 1.5°C ilə məhdudlaşdırmağı hədəfləyir”.
O, həmçinin, COP29-da diqqət çəkiləcək əsas məqamlar arasında Dubayda keçirilmiş COP28 tədbirində təsis edilmiş “Qlobal Anbar”ın yer alacağını vurğulayıb:
“Bu anbar ölkələrin karbon emissiyalarını azaltmaq üçün bir yol xəritəsi kimi fəaliyyət göstərir və ölkələri daha iddialı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr təqdim etməyə təşviq edir”.
Mütəxəssis qeyd edib ki, dövlətimiz də iqlim dəyişikliyini 1.5°C həddində saxlamaq üçün töhfə planı hazırlayaraq digər ölkələrə nümunə ola bilər:
“Qeyd edilməlidir ki, ölkəmiz metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan “Qlobal Metan Öhdəliyi” təşəbbüsünə qoşulub və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirib. Həmçinin, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib”.
Nəzrin Salmanova