Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişiklikləri naziri Murat Kurum Bakıda keçirilən COP29-da Türkiyənin iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində hədəflərini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, nazir ölkələrin iqlim böhranı ilə mübarizə istiqamətində nə etdiklərini görmək baxımından COP29-un kritik bir zirvə olduğunu vurğulayıb. Bildirib ki, ölkələrin şəffaf hesabatları bu zirvənin ən önəmli mövzularından biridir.
Dünyada baş verən iqlim dəyişikliklərinə diqqət çəkən M.Kurum deyib: “Türkiyə olaraq, ölkə başçımızın ifadələri ilə desək, “insanlığa daha ədalətli bir dünyanı təklif edirik.” İnsanlıq və vicdan məsuliyyəti kimi gördüyümüz bu yolda qlobal əməkdaşlığı və həmrəyliyi ən yüksək səslə ifadə edirik. Çünki dünyanın bu birlik və həmrəyliyə hər zamanda olduğundan daha çox ehtiyacı var. Bu gün Dünya Meteorologiya Təşkilatının hesabatına görə, son 50 ildə hava, iqlim və ya su ilə əlaqəli 11 mindən çox fəlakətin baş verdiyini görürük. İki milyondan çox insanın həyatını itirdiyini və 4,5 trilyon dollarlıq iqtisadi ziyanın olduğunu təəssüflə müşahidə edirik. Türkiyə hesabatlarla ortaya qoyulan bu həqiqətlərə heç vaxt səssiz qalmamış, passiv bir mövqe tutmamışdır”.
Nazir Türkiyənin 2053-cü il üçün nəzərdə tutduğu Xalis Sıfır Emissiya Hədəfini açıqlayıb: “Uzunmüddətli İqlim Strategiyamızın hazırlıq prosesini təxminən iki il ərzində ictimai və özəl sektorla, eləcə də vətəndaş cəmiyyəti nümayəndələrinin töhfələri ilə həyata keçirdik. Strategiyamızı ümumilikdə 18 sektorda 89 hədəf və 3 əsas dayaq üzərində qurduq. “Builki emissiya nisbətimizin 72 faizinin enerji sektorundan, 12,5 faizinin sənaye sektorundan, 13 faizinin kənd təsərrüfatından və qalan 3 faizinin isə tullantı sektorundan qaynaqlandığını görürük. Bu gün ümumi qurulu güc içərisində yenilənə bilən enerjinin payını 59 faizə yüksəltmiş bir ölkəyik. Bu sahədə Avropada 5-ci, dünyada isə 11-ci sıradayıq. İlkin mərhələdə yenilənə bilən enerjinin payını 50 faizə, nüvə enerjisinin payını isə 30 faizə çatdırmağı planlaşdırırıq. Beləliklə, milli səviyyədə istifadə edəcəyimiz enerjinin təxminən 80 faizini karbonsuz hala gətirəcəyik”.
M.Kurum yol xəritəsinin sənaye, inşaat, nəqliyyat, tullantı, kənd təsərrüfatı, heyvandarlıq kimi müxtəlif sahələri əhatə etdiyini deyib.