COP29

COP29 tədbiri çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 195 ölkədən 72,000 qonaq ölkəmizi ziyarət edir. Bu mötəbər tədbir yalnız iqlim dəyişikliyi ilə bağlı qlobal məsələlərin müzakirə edildiyi mühüm bir platforma olmaqla yanaşı, Azərbaycanı dünyaya daha yaxından tanıtmaq üçün bir fürsətə çevrilib. Dünyanın müxtəlif guşələrindən gələn liderlər, diplomatlar və qonaqlar, bu tədbirdə iştirak etməklə, həmçinin Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi və unikal adət-ənənələri ilə tanış olmaq imkanı əldə ediblər.
Azərbaycanın ev sahibliyi etdiyi bu cür mötəbər tədbir, ölkəmizin həm iqtisadi, həm də siyasi inkişafına böyük təkan verməklə yanaşı, dünya dövlətlərinə öz milli mənəvi dəyərlərimizi, tariximizi və mətbəximizi tanıtmağa da imkan yaradır. Bu baxımdan, COP29 tədbiri Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunu artırmaqla yanaşı, ölkəmizin mədəni irsinin və adət-ənənələrinin geniş auditoriya tərəfindən tanınmasına şərait yaradır.
Tədbirdə Azərbaycanın muğamının sədaları altında qonaqlar, ruhən milli musiqimizin dərinliklərinə səyahət edərək bu qədim sənət növünün incəliklərini dinləmək imkanı əldə ediblər. Muğam, Azərbaycanın mədəni zənginliyini və musiqi dünyasına verdiyi töhfələri bir daha nümayiş etdirib. Bu unikal musiqi irsi, qonaqlara Azərbaycanın mədəniyyətinə olan sevgi və hörmətin dərinliyini göstərərək, həm də bizim xalqımızın ruhunu və mənəvi dünyasını təmsil edib.
COP29 çərçivəsində milli mətbəximiz də qonaqlara təqdim edilib. Azərbaycan mətbəxi, özünün zəngin dadı və rəngarəngliyi ilə dünyanın ən qədim  mətbəxlərindən biridir. Xarici qonaqlar, bu təqdimat vasitəsilə Azərbaycan mətbəxinin əsrarəngiz dadlarını və kulinariya irsini daha yaxından tanıdılar. Qonaqpərvərlik Azərbaycan xalqının ən əsas dəyərlərindən biridir və bu tədbir, bizim mədəni irsimizlə yanaşı, qonaqpərvərliyimizin də parlaq bir nümunəsini təqdim etdi.
Tədbirə qatılanlar Azərbaycanın tarixi abidələrini ziyarət edərək, ölkəmizin zəngin mədəni mirasına da şahid olurlar. Bakının qədim qala divarları, İçərişəhər, Şirvanşahlar Sarayı kimi abidələr, Azərbaycanın minilliklər boyu gələcəyə ötürdüyü mədəni mirası və tarixini nümayiş etdirib. Bu ziyarətlər sayəsində qonaqlar, Azərbaycanın tarixini və mədəniyyətini daha yaxından hiss edərək, ölkəmizin qədim kökləri ilə bağlı daha dərindən məlumat əldə edirlər.
COP29-un keçirildiyi zalda Azərbaycanın tarixi eksponatları nümayiş etdirilib. Bu eksponatlar, dünya dövlətlərinə Azərbaycan mədəniyyəti və tarixinin müxtəlif dövrləri ilə daha yaxından tanış olmağa imkan verib. Hər bir eksponat, ölkəmizin qədim tarixinin və mədəni müxtəlifliyinin şahidi olmaqla yanaşı, Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfələrin zənginliyini bir daha vurğulayıb.
Bütün bu tədbirlər, yalnız COP29-un iqlim məsələlərinə dair qlobal müzakirələr üçün əhəmiyyətli bir platforma olmaqla kifayətlənmir. Eyni zamanda, bu, Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfələri, öz zəngin irsini və qonaqpərvərliyini nümayiş etdirmək, həm də ölkəmizi beynəlxalq arenada daha geniş şəkildə tanıtmaq üçün vacib bir fürsətə çevrilib.
Bu tədbir vasitəsilə dünya, Azərbaycanın zəngin tarixi, mədəniyyəti və adət-ənənələri ilə daha yaxından tanış oldu. Son zamanlar bəzi qüvvələrin ölkəmizə qarşı apardığı qarayaxma kampaniyaları, xarici diplomat və turistlərin Azərbaycanı daha yaxından tanımaları ilə təkzib olunur və olunacaq. Artıq bütün dünya dövlətləri Azərbaycan haqqında müsbət rəylərdədir. COP29-da verilən açıqlamalar da bunun bir bariz nümunəsidir. Azərbaycan, bu tədbir sayəsində yalnız qlobal iqlim müzakirələrinin bir parçası olmaqla kifayətlənməyib, həm də özünü mədəniyyət, tarix və qonaqpərvərlik nümunəsi olaraq dünyaya təqdim edib. Bu, ölkəmizin dünya səhnəsində daha da tanınmasına, mövqeyinin güclənməsinə və gələcəyə açıq üzü ilə tanınmasına imkan yaratmışdır.

Ayhan Ağarzayev
 
 
 
 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il