Beynəlxalq bir qrup iqlim aliminin rəhbərliyi ilə aparılan son elmi qiymətləndirmələr göstərir ki, insan fəaliyyəti dünyanı indiyə qədərki ən sürətli şəkildə istiləşdirir və biz artıq Paris Sazişinin 1,5°C hədəfinə çox yaxınlaşmışıq.
Bu barədə Crossmedia.az "Climate.leeds.ac.uk"-yə istinadən xəbər verir.
"Bu sübutlar BMT-nin COP29 iqlim sammitində, mürəkkəb və gərgin siyasi şəraitə baxmayaraq, iqlim tədbirlərinin vacibliyini bir daha vurğulayır. İki həftə ərzində Azərbaycanın ev sahibliyi etdiyi bu sammitdə alınacaq qərarlar və veriləcək öhdəliklər iqlimimizin gələcəyini formalaşdıracaq.
Son dövrdə yaşadığımız kəskin hava dəyişiklikləri, dünya liderlərinin istixana qazı emissiyalarını qlobal miqyasda azaltmaq üçün birgə tədbirlər görmədikləri təqdirdə, daha çətin vəziyyətlərin yaranacağını göstərir. Komandamın iqlim dəyişikliklərinə dair son qiymətləndirməsi, qlobal emissiyaların azalmaq əvəzinə artmağa davam etdiyini ortaya qoyur. 2024-cü ilin də rekord dərəcədə isti keçəcəyi gözlənilir. Hal-hazırda insanlar səbəbindən istiləşmə 1,3°C-yə çatıb və hazırkı sürətlə davam etsə, dünya 2030-cu illərin əvvəlində 1,5°C səviyyəsinə yüksələcək.
Bu elmi nəticələr, texnologiya və iqtisadiyyatın iqlim tədbirlərinə dəstək ola biləcəyinə dair yenilənmiş qiymətləndirmələr İqlim Dəyişikliyi Komitəsinin tövsiyələrində də nəzərə alınıb. Bu tövsiyələr hər bir ölkənin 2025-ci ilin fevralına qədər təqdim etməli olduğu iqlim öhdəliklərini əhatə edir. Bu sənədlər hər bir ölkənin iqlim təsirlərinə necə uyğunlaşacağını və emissiyalarını necə azaldacağını müəyyənləşdirir.
Ümid edirik ki, Böyük Britaniya COP29-da İqlim Dəyişikliyi Komitəsinin təklif etdiyi 81% emissiya azaltma hədəfinə sadiq qalaraq liderlik göstərəcək və bu hədəfi dəstəkləyən addımlar atacaq. Bu ilki iqlim sammiti isə dünyanın müxtəlif yerlərində davam edən münaqişələr və hərbi xərclərin rekord həddə çatdığı bir vaxtda keçirilir. ABŞ-da keçirilən seçkilərin nəticələri də qlobal sabitliklə yanaşı, iqlim siyasətinə ciddi təsir göstərəcək. Lakin iqlim dəyişikliyi həm dünya liderlərinə, həm də cəmiyyətə təsir edən bir çox digər qlobal problemi daha da ağırlaşdıracaq. Bu səbəbdən, biz digər liderləri də emissiyaların azaldılması öhdəliyini üzərinə götürməyə çağırmalıyıq. COP29-da yeni iqlim planları elan etməsi gözlənilən ölkələr arasında ev sahibi Azərbaycan, Braziliya və Birləşmiş Ərəb Əmirlikləri də var. Bu ölkələr Böyük Britaniya ilə birlikdə qlobal səylərə ciddi töhfə vermək məqsədilə iqlim liderliyi göstərə bilərlər.
Bütün ölkələr bu yolu izləməli və 2025-ci ilin fevralına qədər öz yeni iqlim planlarını təqdim etməlidirlər. Bu planlar, Paris Sazişinin 1,5°C hədəfinə çatmaq üçün kifayət etməyə bilər. Ancaq istiləşməni 1,5°C-yə yaxın saxlamaq texniki cəhətdən hələ də mümkündür və böyük səylər tələb edir. İstilik artımının hər bir dərəcəsi böyük təsirə malikdir. Bəzi ölkələr yeni iqlim planlarını irəli sürsələr də, fosil yanacaq istehsalını artırmaq niyyətindədirlər. Bu iki yanaşmanın necə uyğunlaşacağı hələlik məlum deyil, çünki iqlim dəyişikliyi təbiət qanunlarına əsaslanır.
Elmi araşdırmalar göstərir ki, istiqaməti dəyişmək hələ də mümkündür. Qısa müddətdə metan emissiyalarını azaltmaq üçün, məsələn, neft və qaz istehsalı zamanı sızan metanı tutmaq kimi tədbirlər həyata keçirilə bilər. Bu, fosil yanacaq istifadəsindən qaynaqlanan karbon dioksid emissiyalarına qarşı mübarizə apararkən istiləşmə sürətini yavaşlatmağa kömək edəcək. Metan və digər qısamüddətli istixana qazları ilə bağlı tədbirlər, yaxın gələcəkdə ən pis iqlim təsirlərindən qaçmağımıza yardımçı olacaq".
Tərcümə etdi: Gülay Qəribova