COP29

Bu gün Bakıda ölkə tarixində ən böyük tədbirlərdən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) başlayıb. Artıq şəhərimiz BMT-nin mərkəzinə çevrilib. Ölkəmizə bu məqsədlə müxtəlif ölkələrin prezident, baş nazirləri və bir sıra nümayəndələri təşrif buyurublar. Bunun öz nəticəsini istər siyasi arenada, istərsə də iqtisadi sahədə bir neçə istiqamətdə göstərməsi də gözləniləndir. Maraqlıdır, bu ölkəmiz üçün nələri vəd edir?

Mövzunun beynəlxalq səviyyədə gözləntiləri ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Tural İrfan qeyd edib ki, COP29-da əsasən dünyanı narahat edən iqlim dəyişikliyi müzakirə ediləcək:

"Belə bir əlamətdar tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük nailiyyətdir. İlk olaraq, əmin-amanlığın hökm sürdüyü, tam təhlükəsiz dövlət olduğumuz təsdiq olunur. Digər tərəfdən, ölkəmizin nüfuzunu, hörmətini göstərir. Bu günədək Azərbaycan dünyaya gedib, bu dəfə isə dünya Azərbaycana gəlir. Getdikcə artan siyasi, iqtisadi, hərbi gücümüz bir çox dövlətlərdə ölkəmizə qarşı marağın artmasına səbəb olur. Beynəlxalq təşkilatların, qurumların nəzərləri bir daha Azərbaycana yönəlir və ümumbəşəri bir mövzu ətrafında müzakirə, tədbirlər üçün ev sahibliyi edir. Bu həm dövlətimiz, həm də xalqımız üçün böyük nüfuz, tanıtım və siyasi inkişaf deməkdir. İnvestiya yatırmaq istəyən dövlətlərin marağını çəkəcək bir çox nüans var. Qarabağ həqiqətləri, Zəfər tariximizdən tutmuş, nümunəvi tolerantlığımız, mədəniyyət və incəsənətimizə qədər dünya rəsmilərinə təqdim olunacaq. Əyani şəkildə Azərbaycanla tanışlıq, belə bir əlamətdar məsələ ətrafında bir araya gəlmək Azərbaycan Respublikasının ev sahibliyi timsalında tarixi nailiyyətlərimizdən biridir".

Bu, Qarabağ zəfərindən sonra ən əlamətdar hadisədir:

"Bu tədbirin tam mahiyyətini, faydalarını, əsasən də Azərbaycanda keçirilməsinin dəyərini hələ tədbirdən sonra hiss edəcəyik. İqlim dəyişikliyi məsələsi kimi mövzular bütün dünyanı narahat edən, maraqlandıran haldır. Bu tədbirə ev sahibliyi etməsi, bu məsələ ətrafında dünyanı səfərbər etməsi Azərbaycanın təkcə öz maraqlarını deyil, bütün bəşəriyyətin gələcəyini, taleyini düşündüyünü təsdiq edir".

Mövzunun iqtisadi istiqamətləri ilə bağlı iqtisadi ekspert Natiq Cəfərli bildirib ki, bu tip beynəlxalq tədbirlər istənilən ölkənin ərazisində baş tutduğu təqdirdə, onun tanıtımı və turizm potensialı üçün vacib bir platformaya çevrilir:

"On minlərlə qonağın gəldiyini, eləcə də bununla əlaqədar olaraq paylaşılan informasiyaları nəzərə alsaq, bunların Azərbaycanın turizm potensialına müsbət təsirini müşahidə etmək mümkündür. Eləcə də bu, investisiyalara cəlb etmək üçün də xüsusi bir imkandır. Əgər bu tədbir çərçivəsində yeni müqavilələr imzalanacaq, layihələr həyata keçiriləcəksə, bu özü də yeni iqtisadi potensial və fürsətlər deməkdir".

Məsələ ilə bağlı iqtisadi ekspert Xalid Kərimli də fikirlərini qeyd edib. O əlavə edib ki, ölkə ərazisində qısa müddət ərzində baş tutan tədbir nəticəsində otel, turizm və bir çox iaşə sektorlarının inkişafı gözləniləndir. Əsas məsələ isə, bu məqamdan sonra iqtisadiyyatın ölkədaxili inkişaf ilə yekunlaşmayıb, eləcə də ölkəxarici şəkildə özünü göstərməsidir".

Aytac Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il