COP29

Bildiyimiz kimi, 11 noyabrda Azərbaycanda COP29 tədbiri başladı. Bu tədbir beynəlxalq aləm üçün böyük əhəmiyyətə malikdir. Tədbirdə müzakirə ediləcək mövzular bütün dünyanın maraqlarını əhatə edir. Tədbirdə 100-dən çox dövlət başçısının və 100 minə yaxın turistin iştirakı gözlənilir. Bu da Azərbaycanın iqtisadiyyatına müsbət təsir edəcəyini göstərir. Bəs COP29-un Azərbaycan üçün siyasi əhəmiyyəti nədən ibarətdir? COP29 Azərbaycanın dünya siyasətindəki mövqeyini gücləndirə bilərmi?

Mövzu ilə bağlı fəlsəfə doktoru, sosioloq Hüseyn İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib ki: “İlk növbədə, COP29-un beynəlxalq əhəmiyyəti ondan ibarətdir ki, bu tədbir iqlim dəyişikliyi çərçivəsində BMT-nin sayca növbəti tədbiridir və beynəlxalq səviyyədə keçirilir. Əvvəlki COP tədbirlərinə nəzər salsaq, görərik ki, həmin tədbirlərdə əsasən problemlər səsləndirilir. Lakin son illərdə COP tədbirləri dövlətlər qarşısında konkret vəzifələr qoymağa başlayıb. Bu baxımdan COP tədbirləri artıq siyasi səciyyə daşıyır və dövlətlərin siyasətində mühüm yer tutur. Əvvəlki dövrlərdə bazar iqtisadiyyatı, demokratiya və insan haqları kimi mövzular aktual idi. Bu gün isə qlobal iqlim dəyişikliyi çərçivəsində dövlətlərin verə biləcəyi töhfələr müzakirə mövzusudur. Bu baxımdan COP tədbirləri beynəlxalq siyasi mahiyyət daşıyır.”

COP29 tədbirinin Azərbaycan və ümumi dünya üçün siyasi-iqtisadi əhəmiyyətini izah edən Hüseyn İbrahimov qeyd edir ki, Azərbaycanın mövqeyi bu gün dünyada güclüdür. Belə bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi bu gücə əlavə dəstək verəcək. Çünki bu tədbirdə çoxtərəfli əməkdaşlıqlar, çoxtərəfli müqavilələr və COP29 çərçivəsində ekoloji məsələlər üzrə razılaşmaların imzalanması gözlənilir. Tədbirin Azərbaycanda keçirilməsi təsadüfi deyil və Prezident İlham Əliyevin uzun illərdir apardığı iqlim dəyişikliyinə hazırlıq siyasətinin nəticəsidir. Bu baxımdan hesab edirəm ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizlə yanaşı, region ölkələrinə də gələcək inkişaf prosesində faydalı olacaq. Çünki COP29 ekoloji siyasətin dövlət-cəmiyyət münasibətləri və regional münasibətlər çərçivəsində gələcək perspektivlərini və ekoloji siyasətlərin hansı istiqamətdə qurulmasını müəyyənləşdirməyə kömək edəcək.”

Nəticə etibarilə, bu tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın dünya siyasətində mövqeyini gücləndirən dövlət olduğunun sübutudur. Bundan başqa, Azərbaycan iqlim dəyişikliyi çərçivəsində COP29-dan əvvəl hazırlıq işləri görmüş və bir sıra mühüm layihələrə imza atmışdır. COP29 tədbiri Azərbaycanın mövcud gücünə əlavə güc qatmaqla yanaşı, həm də region dövlətlərinin iqtisadiyyatına müsbət təsir göstərəcək.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il