Çarpaz baxış

Əmək bazarının ənənəvi strukturları bu texnologiyaların inkişafı ilə yeni bir mərhələyə qədəm qoyur. Artıq bir çox sektorda süni intellekt əsasında fəaliyyət göstərən robotlar və avtomatlaşdırılmış sistemlər insanların iş yerlərini əvəz edir, nəticədə işçilərin rolunda, bacarıq tələblərində və əmək şəraitində əhəmiyyətli dəyişikliklər baş verir. Bu proses bir tərəfdən məhsuldarlığı artırsa da, digər tərəfdən işçilərin iqtisadi təhlükəsizliyinə və sosial hüquqlarına təsir göstərir. Gələcəkdə süni intellekt və avtomatlaşdırmanın əmək münasibətlərinə təsirini dərindən anlamaq üçün bu dəyişikliklərin müsbət və mənfi tərəflərini araşdırdıq.
İlk növbədə bilmək istəyirik işçilərin gələcəyi üçün hansı dəyişikliklər gözlənilir?
İqtisadçı-ekspert Rəşad Həsənov qeyd edir ki, qlobal trendləri izləyib təhlil etmək bacarığımız olmalıdır və nəticədə əmək bazarının uzunmüddətli dövrdə yeni trendlərə uyğunlaşmasını təmin etməliyik. Son zamanlar texnologiyaların sürətli inkişafı səbəbindən insan əməyinə tələbin azalacağı və bunun nəticəsində geniş miqyasda işsizliyin yaranacağı fikri formalaşır. Məsələn, birinci sənaye inqilabından sonra istehsalatda texnikanın tətbiqinə cəmiyyətlər çox ehtiyatla yanaşırdı. Bu dəyişikliklərə ən sərt reaksiya Fransada verilirdi. Məhz o vaxt "sabotaj" termini də yaranmışdı; qadınlar, iş yerlərində quraşdırılan yeni avadanlıqları sıradan çıxarmaq üçün sabolarını onlara atırdılar. Bunu isə iş yerlərini qorumaq məqsədi ilə izah edirdilər.
Həsənov bildirib ki, 1990-cı illərdən bəri texnologiyaların sürətli inkişafı cəmiyyətin əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bu inkişaf bir tərəfdən yeni və daha yüksək ixtisas tələb edən iş sahələrinin yaranmasına imkan versə də, digər tərəfdən ənənəvi və az ixtisaslı iş yerlərini tarixin yaddaşına həkk edərək, onların azalmasına və ya tamamilə aradan çıxmasına gətirib çıxarır. Məsələn, texnologiyanın və onlayn bankçılığın inkişafı nəticəsində bank sektorunda insan əməyinə olan tələbin kəskin şəkildə azaldığı müşahidə olunur. Bu tendensiya Azərbaycanda da özünü göstərir; mütəxəssislər bank sektorunda əməliyyatçı, kassir və kredit şöbəsi işçilərinin mərhələli şəkildə əmək bazarından çıxdığını vurğulayır. Artıq banklar kredit və digər məhsullarını müştərilərinə onlayn təqdim edir, sənədlər mərkəzləşdirilmiş elektron sistemlər vasitəsilə əldə olunur. Görünən odur ki, yaxın 10 ildə bank sektorunda insan əməyinə tələbin tamamilə azalacağı gözlənilir. Sizcə, bu, doğrudurmu?
Ekspert əlavə etdi ki, növbəti 20 ildə informasiya texnologiyaları, rəqəmsallaşma, turizm, psixoloji və sosioloji xidmət sahələrində ixtisaslı kadrlara tələbat artacaq. Hazırda ölkəmizdə bu boşluq aydın görünür. Bir çox ölkədə səhiyyə xidmətlərinə tələb sürətlə artır, insanlar sağlam yaşama yönələn davranışlar sərgiləyir. Pandemiya dövründə səhiyyə sahəsində qabaqcıl ölkələrdən olan Vyetnam, Koreya və Almaniya gözləntiləri tam ödəyə bilmədi. ABŞ-ın bu sahənin inkişafına 60 milyard dollar ayırması da təsadüfi deyil.
Son zamanlarda xüsusilə estetik əməliyyat edən həkimlərə tələbin artması əmək bazarında insan əməyinin tamamilə ixtisar olunacağı fikrinin yanlış olduğunu göstərir. Sadəcə, dünya texnoloji istiqamətə doğru keçid edir. Nəticə olaraq əsas məsələ insanların gələcək peşə və bacarıqlarını müasir əmək bazarının tələblərinə uyğunlaşdırmaqdır. Ancaq bu prosesi fərdi şəkildə həyata keçirmək mümkün deyil, çünki insanlar informasiya çatışmazlığı və uzunmüddətli proqnoz çatışmazlığı ilə qarşılaşır. Bu prosesin necə tənzimlənəcəyi sualına gəldikdə, peşə məktəbləri və təhsil müəssisələri müasir trendləri nəzərə alaraq kadr hazırlamalıdır. Bir sıra ixtisaslar var ki, hazırkı şəraitdə istifadəsiz qalıb və yenilənməyə ehtiyac duyur. İnkişaf etmiş ölkələrdə hər il təhsil müəssisələri strateji baxış keçirir və ixtisaslar əmək bazarının tələblərinə uyğun təkmilləşdirilir.
Azərbaycanda da təhsil müəssisələri və dövlət məşğulluq strategiyaları təşviqedici rol oynamalıdır. Dövlət qlobal trendləri izləyib təhlil edə bilir və uzunmüddətli dövrdə əmək bazarını yeni trendlərə uyğunlaşdırmaq istiqamətində tədbirlər görür. Bu səbəbdən, dövlət məşğulluq xidməti də mütəmadi olaraq peşə və bacarıqların artırılması üçün müxtəlif proqramlar təşkil etməlidir. Zaman keçdikcə ixtisassız və əməktutumlu işçilərə tələbat azalacaq, peşəkar və rəqəmsal texnologiyalara uyğun fəaliyyət sahələrində isə tələbat artacaq. İnsanlar peşə seçərkən bu məqamları nəzərə almalıdırlar.
Əsli TELMANQIZI

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il