Azərbaycan ordusu 2020-ci il 27-i sentyabrda başlayan Vətən müharibəsində nəinki qarşı tərəfə, eləcə də bütün dünyaya gücünü, qüdrətini sübut etdi. Xalqımız dəmir yumruğun ətrafında düşmənin keçilməz səddinə çevrildi. Biz təkcə ön cəbhədə yox, həm də arxa cəhbədə bir olduq. Ordu xalqdan, xalq da ordudan güc aldı.
Crossmedia.az-ın bugünkü müsahibi soydaşlarımızın 30 illik həsrətinə son qoyan 8 noyabrı - şanlı zəfər tarixini öz əlləri ilə yazan qəhrəman oğullarımızdan biri Mobil Əhmədzadədir.
- Mobil bəy, bu gün Zəfər günüdür. Bu günün qazanılmasında sizin də rolunuz böyükdür. Siz Azərbaycan silahlı qüvvələrinin müharibədəki rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan silahlı qüvvələri öz gücünü bütün dünyaya, bütün Azərbaycan xalqına göstərdi. Biz sübut etdik ki, Azərbaycan xalqının, Azərbaycan dövlətinin yenilməz, güclü bir ordusu var. Şükürlər olsun ki, bu ordu Azərbaycanın başını dik, üzünü ağ elədi. Biz hazırda qalib Azərbaycan ordusu adı altında xidmət edirik.
- Hansı istiqamətlərdə döyüşmüsünüz?
- Şuşa, Xankəndi yolu istiqamətində döyüşmüşəm.
- Müharibə zamanı sizə tapşırılan vəzifə nə idi?
- Mən 30 nəfərdən ibarət şəxsi heyyətin taqım komandiri idim. Vəzifəm həmin şəxsi heyyətə rəhbərlik edərək onları qorumaq və sağ-salamat geriyə çatdırmaq idi.
- Müharibədə ən çətin anınız nə vaxt olub?
- Düşmənin tankının açdığı atəş nəticəsində 8 noyabrda Şuşa-Xankəndi istiqamətində hər iki ayağımdan yaralandım. Müharibə zamanı ən çətin anı o vaxt yaşadım.
- Hansı medallarla təltif olunmusunuz?
- "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medallarıyla təltif edilmişəm.
- Şuşanın azad olunmasında iştirak etmək necə bir hissdir?
- O vaxt qalib ordunun keçirdiyi hisslər, Şuşa şəhərinin azadlığında iştirak etmək əvəz olunmaz idi. Biz Şuşanı azad etdikdən sonra artıq bilirdim ki, müharibənin sonudur.
- Həmin dövürdə ordumuzun psixoloji vəziyyəti necə idi? Müharibəyə necə hazırlaşdırılırdı?
- Həmin dövürdə ordumuzun psixologiyası çox yüksək səviyyədə idi. Azərbaycan ordusu müharibəyə daim hazır idi. Sadəcə olaraq Ali Baş Komandan İlham Əliyevin "irəli" əmrini gözləyirdik ki, Azərbaycan ordusu öz gücünü Azərbaycan xalqına göstərsin. "İrəli" komandasından sonra biz öz gücümüzü göstərdik və qalib ordu olduq.
- Xalqımızın ordunun yanında olduğunu, bir yumruq kimi bir olduğunu bilmək necə hissdir?
- Azərbaycan ordusu qüdrətli bir ordudur. Xalqımızın da müharibə dövründə orduya dəstəyi, ordunun yanında olmasını göstərməyi bizi daha da ruhlandırırdı.
- Mobil bəy, həm də sizin xidmətləriniz nəticəsidir ki, regionda sülh əlamətləri hiss olunur. Sülh sazişi yaxındır. Amma buna baxmayaraq Ermənistan zaman-zaman hərbi təxribatlar törədir. Bu təxribatlarla bağlı nə deyə bilərsiniz?
- Düşmənimiz daim təxribatlara əl atır, atacaq da. Amma Azərbaycan ordusu prezident İlham Əliyevin sayəsində biz bunu hər dəfə dəf edəcəyik. İnşallah sülh sazişi yaxın zamanlarda imzalanar.
Banuçiçək Kalbalıyeva