Dörd il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad elədi və qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. Bu qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir.
Xalqımız öz müstəqilliyini və öz müqəddəratını qürurla təsdiq edərək dünya arenasında öz layiqli yerini bərpa etdi. Qarabağa qayıdış isə bu Zəfərin təntənəsi olmaqla yanaşı, həm də Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu.
30 ildən sonra əldə olunan Zəfərin təməli Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər Azərbaycana rəhbərliyinin ikinci dövründə ölkədə ordu quruculuğu üçün mühüm tədbirlər həyata keçirib.
Ulu Öndər hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarilə yeni inkişaf mərhələsi sayıla bilər. Ümummilli Liderin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına start verildi.
Ümummilli Lider Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildi.
Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyünü və suverenliyi təmin olunmuş ölkədir. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
Vətən müharibəsindəki Zəfərimiz bölgədə yeni reallıqlar yaradıb. Dünyanın bir çox dövlətləri və güc mərkəzləri bu reallıqları qəbul edir. Azərbaycan postmüharibə dövrünün gündəliyini diktə edir. Prezident İlham Əliyev quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri də tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur.
Əlbəttə qələbəyə aparan yol da asan olmayıb. Çətinliklər olub, qurbanlar verilib və qətiyyətli addımlar atılıb. Bununla belə, məhz bu çətin vaxtlarda Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşməyi bacararaq yüksək vətənpərvərlik nümayiş etdirib. Ordumuzun, zabit və əsgərlərimizin qüdrətli şücaəti olmasaydı, Qələbəmiz mümkünsüz olardı. Onlar ön cəbhədə əsl qəhrəmanlıq nümayiş etdirirdi, torpağımızı qorumaq üçün canı-qanı bahasına döyüşürdülər. Qələbəni bizə bəxş edən şəhidlərimizin, qəhrəman Vətən övladlarının fədakarlıqlarını heç vaxt unutmayacağıq.
Hərbi qüdrətini bütün dünyaya nümayiş etdirən Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri bu gün də Vətənimizin keşiyində mərd dayanırlar.
Azər MUSTAFAYEV