Siyasi

Zəfərin dördüncü il dönümünü geridə qoyarkən, yurdumuzun yaralarının sağalmağa başladığını görmək qürurvericidir. Artıq  azad edilən torpaqlarımızda yeni reallıqlar yaranıb, sürətli bərpa və quruculuq işləri aparılır. Günəş torpaqlarımıza yenidən doğur, ağıllı kəndlər salınır, müasir binalar inşa olunur. İkinci Qarabağ müharibəsində biz  dövlətimizin gücü, xalqımızın həmrəyliyi və ordumuzun qəhrəmanlığı ilə birgə nələrə qadir olduğumuzu dərk etdik. Bütün xalqın birlik və həmrəylik içində hərəkət etməsi nəticəsində, illərlə yığılıb qalmış acılarımızın üstündən bir Zəfər hekayəsi yazıldı. Bu qələbə, yalnız ərazi bütövlüyümüzü bərpa etməklə kifayətlənmədi, eyni zamanda xalqımızın iradəsi və birlik ruhunun gücünü göstərdi.

İllərlə sülh danışıqları ilə həll etməyə çalışdığımız münaqişəni heç bir beynəlxalq qurumun dəstəyi olmadan öz gücümüzlə həll etdik. Burada, təbii ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti böyük bir rol oynadı.

Bu müharibə yalnız gücün yox, həm də ağıl və zəkanın mübarizəsi idi. Münaqişənin həllində güclü təhlükəsizlik sisteminin qurulması, informasiya mübarizəsinin aparılması böyük önəm kəsb edirdi. Hər bir Azərbaycan vətəndaşı, öhdəsinə düşəni ən yüksək səviyyədə yerinə yetirdi və gerçəkləri dünyaya çatdırmaq üçün əlindən gələni etdi.

2020-ci ildə əldə edilən tarixi zəfərdən sonra, işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri başlanıb. Azərbaycan hökuməti və xalqı, bu torpaqları yenidən ayağa qaldırmaq, dağıdılmış yaşayış məntəqələrini və infrastruktur layihələrini bərpa etmək üçün böyük səylər göstərir. İşğaldan azad edilmiş ərazilərdə müasir ağıllı kənd və şəhər layihələri həyata keçirilir. Ağalı kəndi kimi yeni kəndlər tamamilə "ağıllı kənd" prinsipləri əsasında yenidən inşa edilib.

Azad edilən ərazilərdə əhəmiyyətli yol şəbəkələrinin yenidən qurulmasına başlanıb. Füzuli-Şuşa avtomobil yolu və "Qarabağ hava qapısı" olaraq adlandırılan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Eyni zamanda, Laçın Beynəlxalq Hava Limanının tikintisi davam edir və gələcəkdə bölgəyə turizm, biznes və məcburi köçkünlərin qayıdışında böyük rol oynayacaq.

Şuşa, Ağdam, Füzuli və digər bölgələrdə məcburi köçkünlərin köçürülməsi üçün yeni yaşayış məhəllələri salınır. Bu, köçkünlərin doğma torpaqlarına qayıtmasını və yeni bir həyata başlamasını təmin etmək üçün görülən əhəmiyyətli addımlardandır.

Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Bölgədə günəş və külək enerjisi ilə təmin olunan obyektlər tikilib, enerji sistemləri tamamilə bərpa edilib. Hədəf, ərazilərin tamamilə ekoloji cəhətdən təmiz enerji mənbələri ilə təmin olunmasıdır.

Azad edilən ərazilərdə müasir məktəblər, uşaq bağçaları və xəstəxanalar tikilir. Şuşa və Ağdam şəhərlərində yeni məktəb kompleksləri və xəstəxanalar inşa edilib, sakinlərin təhsil və səhiyyə xidmətlərindən yararlanması üçün hər cür şərait yaradılıb.

Azad edilən torpaqlarda tarixi abidələr və məscidlər bərpa olunur. Şuşada qədim məscidlər və mədəni irs obyektləri yenidən inşa edilərək mədəniyyətimizin dəyərli nümunələri qorunur.

Bundan başqa Şuşa və ətraf bölgələrdə turizm infrastrukturu yaradılır. Bölgənin təbii gözəlliklərini və tarixi abidələrini tanıtmaq üçün turizm marşrutları və infrastrukturu inkişaf etdirilir. Bu, həm də əraziyə iqtisadi canlanma gətirir.

Son dörd il ərzində həyata keçirilən bu bərpa və quruculuq işləri yalnız iqtisadi və sosial inkişaf üçün deyil, həm də Qarabağın yenidən əhalisi ilə birgə yaşaması, Azərbaycanın parlaq gələcəyi üçün möhkəm bir təməl yaradır.

Bu yazını yazarkən zəfərdən duyduğum qürur hissi məni yenidən coşdurur. Azərbaycanlı olmaqdan fəxr edirəm. Biz yalnız torpaqlarımızı geri qaytarmadıq, həm də qəhrəman oğullarımızın igidliyi və Azərbaycanın şərəfli ordusunun zəfəri ilə tarixdə bir iz buraxdıq. 8 noyabrda, qədim Azərbaycan şəhəri və Qarabağın incisi Şuşanın azad edilməsi, düşmənin müqavimət gücünü sarsıtdı və bizə qələbə qazandırdı. Bizim böyük qürurumuz və fəxrimizdir ki, bu zəfərə nail olduq.

Bu gün bizim üzərimizə böyük məsuliyyət düşür. Ən böyük məsuliyyətimiz, bizə ölkə rəhbərliyinin müdrik siyasəti, şəhidlərimizin misilsiz fədakarlığı və qazilərimizin əzmi ilə bəxş edilən bu azadlığı qorumaqdır.

Unutmamalıyıq ki, bu zəfər, illərin çəkilən əziyyətləri və verilən qurbanların bəhrəsidir, ona görə də hər birimiz üçün böyük əmanətdir. Vətənimizin azadlığını və bütövlüyünü qorumaq, onu gələcək nəsillərə eyni qürurla çatdırmaq bizim ən müqəddəs borcumuzdur.

Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Əsli TELMANQIZI

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il