Rəqəmsal texnologiyalar sənayesində davamlılıq üzrə əməkdaşlığı gücləndirmək üçün 14 noyabrda COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət trekinin yüksəksəviyyəli açılış sessiyası keçirilib.
Crossmedia.az xəbər verir ki, sessiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), COP29 Sədrliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və BMT-nin Rəqəmsal Texnologiyalar Agentliyi tərəfindən təşkil olunub.
“Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü sənayenin yaşıl keçidə necə rəhbərlik edə biləcəyinə və iqlimə davamlılığı gücləndirə biləcəyinə dair güclü bir nümunə yaradır” deyən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Doreen Bogdan-Martin həmçinin əlavə edib: “Rəqəmsallaşma Günündən sonra ortaya çıxacaq Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsi bizə irəliyə doğru yol göstərir. Bizə isə hazırda lazım olan məqsədlə və bərabər məsuliyyətlə idarə olunan iqlimə uyğun rəqəmsallaşmadır”.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iqlim dəyişikliyi ilə mübarizədə güclü vasitə olan rəqəmsallaşmanın potensialından tam yararlanmaq üçün dayanıqlı infrastruktura və ətraf mühitə təsirə üstünlük verən balanslaşdırılmış yanaşmaya ehtiyac olduğunu vurğulayıb: “Yalnız rəqəmsallaşma vasitəsilə davamlı gələcəyi təmin etmək üçün lazım olan sürət, dəqiqlik və çevikliyə nail ola bilərik”.
Müzakirələrdə texnologiya sektorunda emissiyaların azaldılmasının zəruriliyi və ekoloji həllərdə texnologiyanın rolu vurğulanıb.
Sessiya rəqəmsallaşma və iqlim fəaliyyətinə dair tematik müzakirələrlə davam edib, uğurlu əməkdaşlığı nümayiş etdirib. Belə ki, il ərzində çoxtərəfli Yaşıl Rəqəmsal Fəaliyyətin əsas nəticələri və tərəqqi yeniləmələri diqqətə çatdırılıb.
Çıxış edənlər bu sessiyanın ekoloji problemlərin həllində və hamı üçün dayanıqlı gələcəyin qurulmasında rəqəmsal həllərin oynaya biləcəyi mühüm rolu vurğulayan dinamik proqramın başlanğıcı olduğunu bildiriblər. Beləliklə, COP29-da Yaşıl Rəqəmsal Fəaliyyət treki fəal iştirakı, mənalı dialoqu təşviq etmək və birgə iqlim fəaliyyətində innovativ ideyaları oyatmaq üçün nəzərdə tutulub.
Qeyd olunub ki, müzakirələr və seminarlar silsiləsi davamlılıq standartlarının əhəmiyyəti, “Xalis Sıfır” İKT sektoruna aparan yol, iqlim dəyişikliyi ilə mübarizə və erkən xəbərdarlıq sistemləri üçün süni intellektdən istifadə edilməsinə yönələcək.
Məlumat üçün bildirək ki, Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan 14 qlobal təşəbbüsdən biridir. Bu təşəbbüs tək bir hadisə deyil, həm də innovasiya və dayanıqlığa əsaslanan rəqəmsallaşmanın gələcək COP-larda prioritet olaraq qalmasını təmin edərək davamlı sürət yaratmağa çağırışdır.
COP29 çərçivəsində təşəbbüsün yekun tədbiri – Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa COP29 çərçivəsində ilk Rəqəmsallaşma Günündə – noyabrın 16-da keçiriləcək.
Tədbirdə dünyanın bir sıra ölkələrindən dövlət və özəl sektor nümayəndələri, o cümlədən İKT sahəsi üzrə qlobal miqyasda aparıcı tərəfdaşlar iştirak edəcəklər.
Dəyirmi masada bir sıra kritik mövzular, o cümlədən rəqəmsal innovasiyanın iqlim strategiyalarına inteqrasiyası, iqlim monitorinqinin rəqəmsal alətlərlə artırılması, rəqəmsal inklüzivliyin təşviqi və rəqəmsal texnologiyaların ətraf mühitə təsirlərinin azaldılması müzakirə ediləcək.
Dəyirmi masanın sonunda dayanıqlı və yaşıl dünya naminə bütün maraqlı tərəflərin iştirakı ilə yekun sənəd – Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamənin qəbul edilməsi gözlənilir.
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizədəki potensialını tanımaqla yanaşı, dayanıqlı və inklüziv praktikaların təşviqinə də əhəmiyyətli bir addımdır.