Günümüzün ən vacib məsələsi ekoloji problemlərdir. Bu problemlərin həlli üçün karbon qazı emissiyasının azaldılması, rəqəmsal nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, intelektual nəqliyyat sistemlərindən istifadə, avtomatlaşdırma və süni zəkadan yararlanmaq və digər bu kimi addımlar qarşıya qoyulan prioritetlərdir. Noyabrın 20-də COP29 çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək. Bu tədbirin əsas məqsədi isə ölkələri Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutlarının rəqəmsallaşdırılmasına təşviq etməklə ekoloji problemlərin həllinə köklənməkdir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Ruslan Atakişiyev Crossmedia.az-a açıqlamasında COP29 çərçivəsində rəqəmsallaşma və iqtisadiyyatla bağlı məsələlərə toxunub:
"Ölkəmizdə COP29 çərçivəsində müzakirə edilən məsələlərdən biri də rəqəmsallaşma və iqtisadiyyatda yaşıl sistemin tətbiq olunmasıdır.
Rəqəmsallaşma yaşıl iqtisadiyyatın formalaşmasına mühüm təsir göstərir. Biz rəqəmsallaşdığımız zaman atmosferə zərərli maddələrin buraxılması, ətraf mühitə zərər verən hər hansı iqtisadi fəaliyyətin həcminin azladılmasına kömək göstəririk. Bunu konkret faktlarla da göstərmək mümkündür. Hər hansısa sənədləşmə zamanı çoxlu sayda kağız istifadə etməli oluruqduqsa bu artıq kağız üzərindən yox, elektron üzərindən həyata keçirilir. Bu həm də özünü nəqliyyatda və enerjidə də göstərir.
Günümüzdə enerjidən istifadə mazutla işləyən hər hansısa elektrik stansiyalarının yerinə daha çox ətraf mühitə zərər verməyən günəş enerjisindən, şüadan, istifadə edilməsi əhəmiyyətini kəsb edir. Gələcəkdə dizellə və benzinlə işləyən avtomobillərin sayının azaldılması və bir müddət sonra dizel yanacağından tamamilə istifadənin qarşısının alınması, sırf elektrik avtomobillərinin işə salınması ətraf mühitə zərər verən halların aradan qaldırılmasına gətirib çıxarır".
Ekspert qeyd olunan məqamların iqtisadiyyatda önəm daşıdığını söyləyib:
"Hər hansısa istehsal müəssisəsi qurduğumuz zaman həmin istehsal müəssəsinin avadanlıqları, istehsal prosesində tullantıların azaldılması, ümumiyyətlə istehsal prosesinin dövrülüyünün təmin olunması öndə duran məsələlərdən biridir. İstehsal olunan hər hansı bir məhsul istehlak edildikdən sonra tullantıya çevrilmir, yararsız hala gəldikdən sonra təkrar istehsala yönləndirilir. Bununla da resusrlara qənaət olunur. Hesab edirik ki, bu təhsil-tədbir xarakterli bir tədbir deyil".
Ruslan Atakişiyev sonda bizdən əvvəlki ölkələrdə də COP-la bağlı bu tipli tədbirlər keçirildiyini vurğulayaraq burada qoyulan hədəflərin gələcək dövürdə karbon emissiyasının səviyyəsinin aşağı salınması mahiyyətini daşıdığını bildirib.
Banuçiçək Kalbalıyeva