İqtisadiyyat

Onlayn ödənişlərdə təhlükəsizliyin təmin olunması vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edir. Şəxsi və maliyyə məlumatlarının qorunması üçün etibarlı saytlardan istifadə etmək və iki mərhələli doğrulama kimi əlavə təhlükəsizlik tədbirlərindən yararlanmaq tövsiyə olunmaqdadır.

Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Crossmedia.az-a açıqlamasında bildirib ki, vətəndaşlar bəzən internet ödəmələrində və etibarsız onlayn saytlarda öz bank kartlarının detallarını paylaşır. Onun sözlərinə görə, bu da həmin kartlardan pulun icazəsiz çəkilməsi riskinin yaranmasıma gətirib çıxarır:

“Ümumiyyətlə, nağdsız ödənişlər daha əlverişli və təhlükəsizdir, buna görə də vətəndaşlar yalnız ehtiyac duyduğu qədər nağd pul çıxarmalıdırlar.  Banklar ödənişləri daha təhlükəsiz etmək üçün videomüşahidə sistemləri və barmaq izi skanları kimi vasitələrdən istifadə edirlər. Lakin bəzi hallarda vətəndaşlar kart məlumatlarını tanımadığı şəxslərə verərək dələduzluq qurbanına çevrilə bilərlər”.

X.Kərimli onu da qeyd edib ki, banklar kartlardan istifadə zamanı təhlükəsizlik üçün 3D təsdiqləmə sistemini tətbiq edirlər:

“Ödəniş təsdiqi üçün telefon vasitəsilə şifrə göndərilir. Bundan əlavə, mobil tətbiqlərə giriş üçün əlavə doğrulama mərhələləri də mövcuddur. Kart itdikdə dərhal bloklamaq və girişə məhdudiyyət qoymaq, eləcə də narahat olan vətəndaşlar üçün gündəlik xərclər üzrə limitlər təyin edilməsi də təmin edilir. Bununla yanaşı, onlayn ödəmələr üçün kartı bloklamaq və ya məhdudlaşdırmaq imkanı da var”.

Ekspert həmçinin son olaraq onu da qeyd edib ki, bu imkanların bəziləri istifadə rahatlığını azalda bilər, lakin əsas məqsəd təhlükəsizliyi təmin etməkdir. Vətəndaşlar yalnız etibarlı saytlarda kart məlumatlarını qeyd etməli və ödəniş zamanı telefonlarına gələn doğrulama şifrələrini başqa şəxslərlə paylaşmamalıdırlar.

Aytac Bəhruzqızı 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il