Ukrayna ordusu ilə Şimali Koreya qüvvələri arasında ilk insident baş verib. Ukrayna Müdafiə Naziri Rustəm Umerov Ukrayna və Şimali Koreya qüvvələrinin cəbhədə ilk dəfə qarşı-qarşıya gəldiyini təsdiqləyib. Bəs bu kimi proseslər nəticəsində əlavə ölkələrin də Ukrayna tərəfdən müharibəyə cəlb olunması gözlənilir? Gedişat Üçüncü Dünya müharibəsinin başlanılmasına səbəb ola bilərmi?
Məsələ ilə bağlı siyasi şərhçi Kənan Novruzov "Crossmedia.az"a açıqlamasında bildirib ki, əslində indi Ukraynada proksi müharibə gedir, bu da Şərq-Qərb toqquşmasıdır:
"Şərq bölgələri, o cümlədən, İran, Şimali Koreya şərq ölkəsinin, yəni Rusiyanın yanındadır. Qərb ölkələri isə Ukraynanın yanındadır. Amma, Qəlb ölkələrinin Ukraynaya dəstəyi o qədər də səmimi deyil, sadəcə olaraq müharibənin uzanmasına hesablanır. Əgər Qərb həqiqətən müharibənin Ukraynanın xeyrinə başa çatmasını istəsə, bu qədər xəsisliklə silah-sursat dəstəyi, texniki dəstək verməz. Şimali Koreya məsələsinə gəldikdə isə, Şimali Koreya qoşunları artıq Ukraynadadır, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov özü də deyib. Və özlərinə belə haqq qazandırıblar ki, Qərb qoşunları guya çoxdan Ukraynada idi".
Həmçinin siyasi şərhçi qeyd edib ki, Şərqin Rusiyaya verdiyi dəstək, Qərbin Ukraynaya verdiyi dəstəkdən daha çoxdur:
"Elə bunun nəticəsidir ki, Ukrayna nə qədər pisləsə də təşəbbüsü ələ ala bilmir. Hansı ki Kursk vilayətində əməliyyatlara başladı, amma o da uğursuz oldu. Belə davam edərsə, Rusiya hələ bir müddət də təşəbbüsü əlində saxlayacaq. Eyni zamanda Ukraynaya dəstək məsələsi ABŞ-dəki prezident seçkilərinin nəticəsindən asılı olacaq. Ən azı seçkilərin nəticəsi xeyli dərəcədə məsələyə təsir edəcək. Fikrimcə, əgər respublikaçı Donald Tramp qalib gələrsə, Ukraynaya dəstək azalacaq. Hətta perspektivdə tamamilə dayana da bilər. Bu da o deməkdir ki, ABŞ Ukraynanın arxasından geri çəkiləcək və Ukraynaya dəstək məsələsində Avropanı tək qoyacaq və inanmıram ki, Avropa tab gətirə bilsin. Əgər demokrat Kamala Harris qalib gəlsə, dəstək ən azı indiki səviyyədə qalacaq, həmçinin biraz artırıla da bilər. ABŞ geri çəkilsə, Avropa narahat olmağa başlayacaq və fikir ayrılığı yaranacaq ki, biz Ukraynaya dəstəyi davam etdirək yoxsa yox, çünki Ukraynaya dəstəyi davam etdirmək Rusiya ilə üzbəüz gəlmək deməkdir".
Üçüncü dünya müharibəsi məsələsinə də toxunan siyasi şərhçi qeyd edib ki, hazırda xaotik vəziyyət yaranıb:
"Ən azı əminliklə onu demək mümkündür ki, yaxın vaxtda sülh olmayacaq və müharibə belə genişlənən templə davam edəcək. Üçüncü dünya müharibəsi zatən davam edir, yəni artıq başlayıb, sadəcə bu rəsmi elan olunmayıb. Yaxın Şərqdə, Şərqi Avropada baş verən proseslər onu göstərir ki, dünya xəritəsi yenidən cızılır".
Gülşad İbrahimova