Yeni seçilmiş prezident Donald Tramp bazar ertəsi elan etdi ki, milli fövqəladə vəziyyət elan edərək kütləvi deportasiyalar həyata keçirmək üçün ABŞ ordusundan istifadə etməyi planlaşdırır.
Bu barədə Crossmedia.az axios.com saytına istinadən xəbər verir.
Tramp, 2024-cü il prezidentlik kampaniyasında əsas vədlərindən biri kimi milyonlarla sənədsiz immiqrantın deportasiya olunacağını bildirmişdi. Onun komandası artıq bu planın icrası ilə bağlı strategiyalar hazırlamağa başlayıb. Bazar ertəsi səhər "Truth Social" platformasında paylaşdığı mesaj isə bu planın icra olunacağına dair ilk açıq təsdiq oldu.
Mühafizəkar Judicial Watch təşkilatının prezidenti Tom Fitton bir müddət əvvəl "Truth Social" da belə yazmışdı:
“Tramp milli fövqəladə vəziyyət elan etməyə və Baydenin siyasətini dayandırmaq üçün hərbi aktivlərdən istifadə edərək kütləvi deportasiya proqramı həyata keçirməyə hazırdır”.
Tramp isə bu şərhi “DOĞRU!!” başlığı ilə paylaşaraq təsdiqlədi.
Hazırda ABŞ-da təxminən 11 milyon sənədsiz immiqrant yaşayır. Trampın kütləvi deportasiya planının isə təxminən 20 milyon ailəyə təsir edəcəyi gözlənilir.
İmmiqrasiya hüquq müdafiəçiləri və hüquqşünaslar bu plana qarşı məhkəmədə mübarizə aparmağa hazırlaşırlar. Politico xəbər verir ki, Trampın komandası, onun ilk prezidentlik dövründə tətbiq etdiyi “müsəlman qadağası” kimi hüquqi çətinliklərlə üzləşməmək üçün daha dəqiq hazırlanmış icra sərəncamları üzərində işləyir.
Planın əsas hissələri bunlardır:
• Kuba, Haiti, Nikaraqua və Venesueladan olan sənədsiz immiqrantlar üçün mövcud şərti azadetmə proqramlarının ləğv edilməsi.
Tramp administrasiyasını immiqrasiya siyasətində sərt mövqe tərəfdarları ilə gücləndirməyə başlayıb:
• İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) keçmiş rəhbəri vəzifəsini icra etmiş Tom Homan “sərhəd çarı” vəzifəsinə təyin olunacaq.
• Cənubi Dakota qubernatoru Kristi Noem isə Milli Təhlükəsizlik Departamentinin (DHS) katibi vəzifəsinə namizəd göstərilib.
Trampın bu planı həyata keçirmək üçün gördüyü hazırlıqlar onun ikinci prezidentlik dövründə ən çox müzakirə olunan və təsirli addımlarından biri ola bilər.
Gülay Qəribova