Ermənistan hakimiyyəti iqtisadi və siyasi diversifikasiya istiqamətində addımlar atıldığını iddia etsə də, statistik göstəricilər bunun tam əksini sübut edir.
“Ermənistan” fraksiyasının üzvü Tadevos Avetisyanın təqdim etdiyi rəqəmlərə əsasən, 2024-cü ilin ilk doqquz ayında Ermənistanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 5,3 faiz bəndi artaraq 41,1%-ə çatıb. Bununla yanaşı, Avropa Birliyi ölkələri ilə ticarət dövriyyəsi 17% azalaraq, ümumi payı 2,1 dəfə düşüb və 7,2%-ə enib.
Mütəxəssislər bu rəqəmlərin Ermənistanın xarici ticarət siyasətində balanssızlığın daha da dərinləşdiyini göstərdiyini vurğulayırlar. Crossmedia.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bu vəziyyəti Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalarla əlaqələndirir.
Natiq Cəfərlinin sözlərinə görə, Ermənistan son iki il yarımda, xüsusilə Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yan keçməkdə mühüm vasitəçi ölkələrdən birinə çevrilib. Bunun nəticəsidir ki, Ermənistanın Rusiya ilə ticarət əlaqələri yeddi dəfə artıb. Bu artım təbii iqtisadi inkişafın nəticəsi deyil, Rusiyaya hərbi və sənaye məqsədli malların təminatı ilə əlaqədardır.
İqtisadçının fikrincə, bu vəziyyət Ermənistan hakimiyyətinin Qərbə inteqrasiya barədə səsləndirdiyi bəyanatların reallıqdan uzaq olduğunu göstərir. Ermənistan hökuməti yalnız ritorika ilə məşğuldur və bu istiqamətdə konkret addımlar atmır.
Natiq Cəfərli hesab edir ki, bəzi Qərb ölkələri Ermənistanın bu davranışını ya görməzlikdən gəlir, ya da bilərəkdən göz yumur. Halbuki Ermənistanın Qərbə yönümlü siyasət apardığına dair irəli sürülən iddialar tamamilə əsassızdır. Əslində, Ermənistanın Rusiyanın maraqlarına xidmət edən bir vasitə kimi istifadə olunduğu aydın görünür.
Statistik göstəricilər və ekspert rəyləri göstərir ki, Ermənistanın Qərbə inteqrasiya ilə bağlı ritorikası yalnız bəyanatlardan ibarətdir. Reallıqda isə ölkə Rusiyadan daha çox iqtisadi və siyasi asılılıq vəziyyətinə düşüb. Bu, Ermənistanın diversifikasiya siyasətini həyata keçirə bilmədiyini və Rusiyanın təsir dairəsində qalmağa davam etdiyini təsdiqləyir.
Maral Şahverdili