Dünya xəbərləri

Yapon avtomobil nəhəngi Nissan Çin və ABŞ-də azalan satışlar səbəbilə xərcləri azaltmaq üçün 2,6 milyard dollarlıq qənaət planı açıqlayıb. Plan çərçivəsində dünya üzrə 9,000 işçi işdən çıxarılacaq. Avtomobil nəhəngi eyni zamanda istehsal gücündə də 20%-lik azalma hədəfləyir.

Nissan etdiyi açıqlamada illik əməliyyat mənfəəti gözləntisini 70% azaldaraq 150 milyard yenə (975 milyon dollar) endirib. Əslində hədəf 500 milyard yen (3,2 milyard dollar) idi. Şirkətin yenidən qurulma səylərinin davam etdiyi bildirilərək 400 milyard yen (2,6 milyard dollar) qənaət hədəfinin müəyyən edildiyi qeyd olunub. Şirkət, yenidən qurulma prosesi davam etdiyi üçün xalis mənfəət gözləntisini tamamilə ortadan qaldırıb.

Nissan, xüsusən Çindəki yerli istehsalçıların elektrikli nəqliyyat vasitələri seqmentində sürətlə inkişaf etməsi səbəbilə rəqabətin gücləndiyi bu bazarda çətinlik yaşayır. Həmçinin, ABŞ bazarında da satışlar azalarkən, şirkət hələ də bu bazarda güclü bir hibrid və plug-in hibrid avtomobil portfelinə sahib deyil. Nissan-ın CEO-su Makoto Uçida, ABŞ-da hibrid avtomobil tələbatının sürətlə artacağını öncədən görə bilmədiklərini, model il dəyişikliklərinin gözlənildiyi kimi getmədiyini söyləyib.

Nissan-ın qlobal satışları cari maliyyə ilinin ilk yarısında 3,8% azalaraq 1,59 milyon avtomobil olaraq qeydə alınıb. Çin bazarında satışlar 14,3% azalarkən, ABŞ-da isə təxminən 3%-lik azalma müşahidə edilib. Bu iki ölkə, Nissan-ın qlobal satış həcminin təxminən yarısını təşkil edir.

Şirkət dünya üzrə mövcud olan 25 istehsal xəttinin maksimum gücünü 20% azaltmağı da planlayır. Nissan-ın istehsaldan məsul rəhbəri Hideyuki Sakamoto, güc azalmasının istehsal xətti sürətlərinin və növbə qaydalarının dəyişdirilməsi ilə təmin ediləcəyini bildirib. Bu dəyişikliklə işçi qüvvəsinin məhsuldarlığını artırmaq nəzərdə tutulur. Nissan, 133,580 işçisindən 9,000 nəfəri işdən çıxararaq ümumi işçi qüvvəsində 6,7%-lik azalma edəcək.

Emil Nağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il