Nazir İsrailin məğlubiyyətini etiraf etdi
"Deyəsən, hamı indi anladı ki, terrorçulara qarşı müharibə etməklə və ya onları məhv etməklə məğlub etmək mümkün deyil".
Crossmedia.az BBC-yə istinadən xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.
"İsrailin təhlükəsizliyini təmin etmək üçün yeganə həll yolu Qəzzada məskunlaşmaq və oranın sakinlərini Sinaya, ya da İordaniyaya sürgün etməkdir. Ancaq indi məğlubiyyətimizə imza atmışıq" deyə nazir qeyd edib.
Qeyd edək ki, İsrail hökumətində HƏMAS ilə atəşkəs sazişinin ən barışmaz əleyhdarları ifrat sağçı partiyalardan olan iki nazir – Bezalel Smotriç (Maliyyə Nazirliyi) və İtamar Ben-Qvir (Milli Təhlükəsizlik) olub. Razılaşma məlum olandan bir neçə saat sonra Smotriç bu barədə mənfi fikirlər səsləndirib.
“Hökumətə təqdim olunacaq saziş İsrail dövlətinin təhlükəsizliyi üçün pis və təhlükəlidir”, - deyə maliyyə naziri bildirib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiqi olmadan saziş etibarsızdır.
Xatırladaq ki, İsrail müharibədəki əsas məqsədinin HƏMAS-ı məhv etmək olduğunu bəyan etmişdi. Lakin buna tam olaraq nail ola bilmədi. ABŞ dövlət katibi Antoni Blinkenin də dediyi kimi, HƏMAS sıralarına yeni döyüşçülər cəlb etməklə gücünü bərpa edib. Üstəlik, İsrail ordusu Qəzza zolağından qismən geri çəkilərək HƏMAS-a yenidən güclərini bərpa etmək imkanı verəcək. Bu, İsraildəki əleyhdarların atəşkəslə razı olmadığının əsas hissəsidir.
Digər tərəfdən, HƏMAS da istədiyinə tam nail ola bilməyib. İsrail qoşunlarının sektordan tamamilə çıxarılması ilə daimi atəşkəs hələki əldə edilməyib. Atəşkəs cəmi 42 günlüyünə bağlanıb. Onun uzadılması və ya daimi atəşkəsin yaradılması üçün ayrıca danışıqlar aparılmalıdır.
15:45 16.01.2025
Oxunuş sayı: 3511