Gənclik – dəyişən dünyanın ən böyük gücü
Bu gün, 12 avqust, dünyada Beynəlxalq Gənclər Günü qeyd olunur. Günün əsası 1991-ci ildə Vyanada keçirilən BMT Sisteminin Dünya Gənclər Forumunun ilk sessiyasında irəli sürülən təşəbbüsə dayanır. 1998-ci ildə Lissabonda keçirilən Gənclər üzrə Nazirlərin Dünya Konfransının tövsiyəsi ilə 12 avqustun Beynəlxalq Gənclər Günü kimi qeyd olunması təklif edilib, BMT Baş Assambleyası isə 1999-cu ildə bu təşəbbüsü 54/120 saylı qətnamə ilə təsdiqləyib və gün ilk dəfə 2000-ci ildə qeyd olunub.
2026-cı ilin Beynəlxalq Gənclər Gününün mövzusu “Müxtəlif kontekstlər, ortaq istəklər”dir. Bu mövzu müxtəlif ölkələrdə və fərqli şəraitdə yaşayan gənclərin keyfiyyətli təhsil, layiqli iş, təhlükəsiz və dayanıqlı gələcək, eləcə də qərarvermə proseslərində iştirak kimi ortaq istəklərini ön plana çıxarır. Hazırda dünyada 10-24 yaş aralığında təxminən 1,8 milyard gənc yaşayır və onların bir hissəsi işsizlik, təhsilə çıxış imkanlarının məhdudluğu, iqlim dəyişikliyi və rəqəmsal bərabərsizlik kimi problemlərlə üzləşir.
Beynəlxalq Gənclər Günü eyni zamanda gənclərin cəmiyyətin inkişafındakı fəal roluna diqqət çəkir. Gənclər elm, təhsil, innovasiya, sahibkarlıq, mədəniyyət, idman, sülh quruculuğu və rəqəmsal transformasiya kimi sahələrdə mühüm təşəbbüslərlə çıxış edirlər. Azərbaycanda isə 2 fevral Gənclər Günü kimi qeyd olunsa da, 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə də müxtəlif tədbirlər keçirilir və gənclərin ölkənin ictimai, sosial, elmi, mədəni və iqtisadi həyatında iştirakı diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramin Həbibzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda Milli Gənclər Günü Beynəlxalq Gənclər Günündən əvvəl təsis edilib:
“Mən ilk öncə onu bildirim, bunu həmişə bildirmişəm. Beynəlxalq Gənclər Günündən əvvəl, qəbul olunmamışdan əvvəl 1997-ci ildə Azərbaycanda Milli Gənclər Günü qəbul olunub. Bu, 2 fevral tarixidir, Ulu Öndər Heydər Əliyev tərəfindən qəbul olunub. Ondan sonra BMT tərəfindən, 1999-cu ildə 12 avqust Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Azərbaycanın gənclər siyasəti uzun illərdir çox dinamik və gənclərə yönəlik şəkildə icra olunur. Təbii ki, bu siyasətin əsasını ümummilli lider qoyandan sonra, cənab Prezidentin diqqəti və dəstəyi ilə gənclərlə iş uğurla həyata keçirilir”.
R.Həbibzadə Azərbaycanda gənclərin inkişafı üçün müxtəlif dövlət strukturlarının fəaliyyət göstərdiyini qeyd edib:
“Azərbaycan unikal ölkələrdən biridir ki, həm icraedici, həm qanunvericilik hakimiyyətində gənclərlə bağlı müxtəlif struktur bölmələr var. İstər Azərbaycan Respublikasının Prezident Administrasiyası olsun, istər Milli Məclis olsun, istər hökumətdə Gənclər və İdman Nazirliyi olsun, həmçinin Gənclər Fondu... Yəni dövlət tərəfindən bütün müvafiq strukturlar yaradılıb və onlar gənclərin, həmçinin gənc idmançıların inkişafı üçün əllərindən gələni edirlər. Bununla yanaşı, gənclər siyasətinin icra olunmasında önəmli iştirakçılardan biri də gənclər təşkilatlarıdır”.

O, gənclər təşkilatlarının fəaliyyətinə də toxunub:
“Azərbaycandakı gənclər təşkilatlarının çox qismi aktiv fəaliyyət göstərir. Təəssüf ki, bəzi gənclər təşkilatları vaxtilə aktiv olublar, lakin sonrakı dönəmlərdə sədr dəyişikliyi, komanda dəyişikliyi və yaxud digər obyektiv və subyektiv amillərin təsirlərindən gənclər təşkilatlarının bir qismi öz aktivliyini itiriblər. Lakin bu gün də Azərbaycanda çoxsaylı aktiv gənclər təşkilatları var və həmin gənclər təşkilatları əsasən Gənclər Təşkilatlarının Milli Şurası, qısa olaraq NAYORA adlandırdığımız qurumun ətrafında, üzvlüyündə birləşiblər və gənclərlə işin təşkilində mühüm rol oynayırlar”.
İctimai Şuranın regionlarda həyata keçirdiyi fəaliyyətlərdən danışan R.Həbibzadə bildirib:
“Gənclər və İdman Nazirliyinin İctimai Şurasının sədr müaviniyəm. Sədrimiz Olimpiya çempionu Elnur Məmmədlidir. Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın 7 nəfər üzvü var. Həmin üzvlərdən 4 nəfər idman, 3 nəfər isə gənclər sahəsindəndir. Biz regionlara səfərlər edirik, regionlarda gənclərlə görüşürük, idmançıların gənclərlə görüşünü təşkil edirik, ictimai müzakirələr keçiririk və onun da şahidi oluruq ki, regionlarda da gənclərlə iş kifayət qədər uğurla aparılır. Bakıda gənclər üçün daha çox fürsətlər var, çünki bir çox qurumlar və gənclər təşkilatları fəaliyyətlərini və tədbirlərini paytaxtda keçirməyə üstünlük verirlər. Amma regionlarda da kifayət qədər uğurlu iş gedir”.
R.Həbibzadə regionlarda gənclər üçün yaradılan imkanların da geniş olduğunu vurğulayıb:
“Regional Gənclər və İdman İdarələri tərəfindən gənclərlə bağlı layihələr həyata keçirilir. Gənclərin İnkişaf və Karyera Mərkəzi adlı qurum həm paytaxtda, həm də regionlarda fəaliyyət göstərir. O cümlədən Gənclər Evləri var. Gənclər Evlərində gənclər tam ödənişsiz əsaslarla müxtəlif dərnəklərə yazılaraq, onların fəaliyyətlərində iştirak edərək özlərini təkmilləşdirə və inkişaf etdirə bilərlər. Azərbaycanın gənclər siyasətində beynəlxalq platformalı gənclər təşkilatları da aktiv rola malikdirlər. AIESEC Azərbaycan, ELSA Azərbaycan, AEGEE Azərbaycan, AzerMDS, EYP Azərbaycan kimi təşkilatlar buna nümunədir”.
O, beynəlxalq tədbirlərdə iştirak edən azərbaycanlı gənclərə dövlət tərəfindən göstərilən dəstəkdən də danışıb:
“Gənclər və İdman Nazirliyinin Azərbaycan gənclərinin beynəlxalq səfərlərdə iştirakının dəstəklənməsi ilə bağlı çox yaxşı bir funksiyası mövcuddur. Hər hansı bir gənc xarici ölkədə mötəbər bir gənclər tədbirinə, məsələn, forum, gənc liderlərin zirvə toplantısı, sammit və yaxud digər mühüm tədbirə seçildikdən sonra bütün lazımi sənədləri Gənclər və İdman Nazirliyinə təqdim edir. Bundan sonra gəncin bütün səfər xərcləri qarşılanaraq həmin tədbirdə iştirak edib Azərbaycanı təmsil etməsi üçün şərait yaradılır. 11 avqust 2026-cı il tarixində cənab nazir Fərid Qayıbov Gənclər və İdman Nazirliyinin dəstəyi ilə beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edən gənclərlə görüş keçirib. Gənclər və İdman Nazirliyinin sosial media hesablarına və ya rəsmi veb-saytına diqqət yetirilsə şahidi olmaq mümkündür ki, demək olar ki, hər ay cənab nazir sırf nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edən gənclərlə görüşür, onların təşəbbüs və fikirlərini dinləyir”.
R.Həbibzadə Azərbaycanda gənclər üçün yaradılan imkanların kifayət qədər geniş olduğunu bildirib:
“Təxminən 40-a yaxın xarici ölkədə tədbirlərdə iştirak etmişəm, Azərbaycanı təmsil etmək şərəfinə nail olmuşam. Sizə bildirmək istərdim ki, gənclər üçün yaradılan fürsətlər Azərbaycanda, demək olar ki, bir çox xarici, inkişaf etmiş ölkələrdə yaradılmayıb. Misal üçün, Azərbaycanda Gənclər Təşkilatlarının Resurs Mərkəzi adlı bir məkan fəaliyyət göstərir. Mən bu təcrübəyə heç bir xarici ölkədə rast gəlməmişəm. Hər şey tamamilə ödənişsizdir. Gənclər və gənclər təşkilatlarının heyətləri rezidentlik əldə etməklə həmin resurs mərkəzindəki kovorkinq zonalardan, iclas, toplantı, akt və təlim otaqlarından ödənişsiz istifadə edə bilirlər. Təbii ki, yenilikləri də kəşf etmək lazımdır. Xarici ölkələrdə gənclər sahəsində yeni təcrübələr gördüyümüz zaman bunu müvafiq qurumlara bildiririk və ehtiyac olduğu təqdirdə həmin yeniliklərin Azərbaycan təcrübəsində də tətbiq olunduğunun şahidi oluruq”.
Əlavə olaraq R.Həbibzadə Azərbaycanın beynəlxalq səviyyədə gənclərlə iş sahəsində yaratdığı təcrübəyə də toxunub:
“Azərbaycan beynəlxalq səviyyədə gənclərlə işə öz töhfəsini verən və yaratdığı təcrübə ilə öndə olan ölkələrdən biridir. Hazırda Azərbaycan Respublikasının ev sahibliyi etdiyi və həm regional, həm də qlobal səviyyədə beynəlxalq gənclərlə işləyən diplomatik missiya statuslu və ya beynəlxalq gənclər təşkilatı statuslu qurumlar mövcuddur. Məsələn, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı bu təcrübələrin ən bariz nümunəsidir”.
O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq gənclər təşkilatları həm yerli, həm də region ölkələrinin gənclərinin inkişafına töhfə verir:
“Azərbaycan Respublikasının ev sahibliyi ilə öz fəaliyyətlərini tənzimləyən bu beynəlxalq təşkilatlar həm Azərbaycan gəncləri, həm də əhatə etdikləri regionlara aid olan ölkələrin gənclərinin inkişafında uğurlu və nəticəyönümlü fəaliyyətlərlə məşğul olurlar. Nümunə üçün sadəcə bu qurumların sosial media hesablarına göz gəzdirilməsi yetərlidir”.
Nigar Xəlilli
17:55 12.08.2026
Oxunuş sayı: 113