Cinsi yolla ötürülən infeksiyalar artır
Avropada COVID-19 pandemiyası zamanı müşahidə olunan müvəqqəti azalmadan sonra cinsi yolla ötürülən infeksiyaların sayı, xüsusilə 2021-ci ildən etibarən, kəskin artıb.
Crossmedia.az xəbər verir ki, “The Economist” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, 2024-cü ildə Avropa ölkələrində təxminən 100 min qonoreya halı qeydə alınıb. Bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur. Həmin il 46 min sifilis hadisəsi aşkarlanıb ki, bu da 10 il əvvəlki göstəricidən iki dəfə yüksəkdir. Xlamidioz hallarının sayı isə demək olar ki, dəyişməyib.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) problemin yalnız insanların daha çox müayinədən keçməsi ilə bağlı olmadığını bildirir. Mütəxəssislər mümkün səbəblər arasında tanışlıq tətbiqlərinin populyarlaşmasını və prezervativlərdən daha az istifadə olunmasını göstərirlər.
Problemin uşaqlara da təsir etdiyi qeyd olunur. 2023-2024-cü illərdə anadan uşağa ötürülən cinsi yolla keçən infeksiyaların sayı iki dəfə artıb.
Bununla yanaşı, problemin real miqyasının daha böyük ola biləcəyi bildirilir. Belə ki, bəzi ölkələrdə kifayət qədər test aparılmadığı üçün göstəricilərin olduğundan aşağı göründüyü ehtimal olunur.
15:32 10.08.2026
Oxunuş sayı: 52