8 avqust - Azərbaycanın regional liderliyinin və ABŞ ilə yeni mərhələnin simvolu
Azərbaycan son illərdə Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə Qarabağın tam azad edilməsi ilə ərazi bütövlüyünün bərpası ölkəni sadəcə qalib dövlət deyil, həm də regionda sabitlik, əməkdaşlıq və yeni geosiyasi nizamın əsas dayaqlarından birinə çevirib. Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın regiondakı təsirinin zəifləməsi, Azərbaycanın enerji təhlükəsizliyindəki rolu, Orta Dəhlizin inkişafı, Türk Dövlətləri Təşkilatındakı aparıcı mövqeyi və Mərkəzi Asiya ilə genişlənən əlaqələri Bakını “orta güc” statusuna yüksəldib.
Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Azərbaycan artıq yalnız öz maraqlarını müdafiə edən deyil, regional sülh və inkişaf üçün təşəbbüslər irəli sürən bir aktor kimi tanınır.
Bu artan nüfuz və diplomatik mövqe 8 avqust 2025-ci ilə aparan yolu müəyyənləşdirdi. Uzun illər davam edən sülh təşəbbüslərindən sonra Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq əsasında bərpası, sərhədlərin tanınması prinsiplərinin təsdiqi və regionda yeni reallıqların formalaşması sülh danışıqlarını qaçılmaz etdi. Bakının ardıcıl mövqeyi – suverenlik, ərazi bütövlüyü və qarşılıqlı hörmət əsasında münasibətlərin qurulması – danışıqların əsasını təşkil etdi. Nəticədə, 2025-ci ilin avqustunda Vaşinqtonda tarixi addım atıldı.
ABŞ-nin Azərbaycana olan xoş münasibəti bu prosesdə mühüm rol oynadı. Donald Trampın ikinci prezidentlik dövründə ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoydu. Bayden administrasiyası dövründə yaşanan soyuqluqdan sonra Tramp komandası Azərbaycanı Cənubi Qafqazda strateji tərəfdaş kimi qiymətləndirdi. Enerji təhlükəsizliyi, regional sabitlik, terrorizmlə mübarizə və tranzit dəhlizləri sahəsində ortaq maraqlar iki ölkəni yaxınlaşdırdı.
8 avqust 2025-ci ildə Ağ Evdə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan iştirak etdi. Bu görüş çərçivəsində ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. Eyni zamanda, müdafiə əməkdaşlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində addımlar atıldı. Bu, Vaşinqtonun Bakıya olan münasibətinin pozitiv və pragmatık xarakter daşıdığını bir daha təsdiqlədi.
Həmin gün ən mühüm hadisə isə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanması oldu. Prezidentlər və Baş nazir bu prosesə şahidlik etdilər və Birgə Bəyannamə imzaladılar. Bəyannamədə sazişin imzalanması və ratifikasiyası üçün əlavə addımların atılmasının zəruriliyi qeyd olundu, ATƏT-in Minsk prosesinin bağlanması üçün birgə müraciət edildi və regionda davamlı sülhün əhəmiyyəti vurğulandı. Saziş tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərini tanımasını, ərazi iddialarından imtina etməsini, güc tətbiqinin qadağan olunmasını və diplomatik münasibətlərin qurulmasını nəzərdə tutur. Eyni zamanda, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz bağlantı üçün “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin irəlilədilməsi razılaşdırıldı.
Bu, onillərlə davam edən münaqişədən sonra regionda yeni səhifənin açılması demək idi. Azərbaycanın güclü mövqeyi, ABŞ-nin konstruktiv vasitəçiliyi və tərəflərin siyasi iradəsi bir araya gələrək tarixi nəticəyə gətirib çıxardı.
Bu gün – 2026-cı il avqustun 8-də – həmin mühüm hadisənin üzərindən bir il keçir. Paraflanmış saziş hələ tam imzalanıb ratifikasiya olunmasa da, o, sülh prosesinin möhkəm hüquqi və siyasi əsasını yaratdı. Bir il ərzində regionda sabitlik istiqamətində addımlar atılıb, əməkdaşlıq perspektivləri genişlənib və Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb. 8 avqust 2025-ci il tarixi Azərbaycanın qələbəsinin diplomatik təsdiqi, regional liderliyinin nümayişi və ABŞ ilə strateji tərəfdaşlığın yeni mərhələsinin başlanğıcı kimi tarixə düşüb. Bu yubiley isə sülhün möhkəmlənməsi və regionun firavan gələcəyi naminə əlavə səylərin davam etdirilməsinin vacibliyini bir daha xatırladır.
Ayhan
11:30 08.08.2026
Oxunuş sayı: 72