"Allahın evi" niyə gecələr bağlanır?
Məscid İslam dinində Allahın evi kimi təqdim edilir. Müsəlmanlar nəinki xüsusi günlərdə, gün ərzində də ölkə ərazisindəki məscidlərdə daim dualar edirlər. Allahın evinin gecə bağlı olması isə gecə saatlarında fəaliyyət göstərməməsi zaman-zaman müzakirə mövzusuna çevrilir. Xüsusilə gecə ibadət etmək və ya məsciddə dua etmək istəyən şəxslər məscidlərin niyə 24 saat açıq olmadığını problem kimi görürlər. Bəs məscidlər nə üçün gecələr açıq olmur? Olmalıdırmı?
Mövzu ilə bağlı ilahiyyatçı Fazil Əhməd Crossmedia.az-a açıqlamasında bildirib ki, məscidlərin 24 saat açıq və ya müəyyən saatlarda bağlı olması ilə bağlı şəriətdə konkret hökm yoxdur.
Onun sözlərinə görə, məscidlərin fəaliyyət saatları əsasən həmin ərazinin və icmanın müəyyən etdiyi qaydalarla tənzimlənir: “Şəriətdə belə bir qayda yoxdur ki, məscidlər mütləq 24 saat açıq olmalıdır və ya müəyyən saatlarda bağlanmalıdır. Bu məsələ hər bölgənin, qəsəbənin və kəndin öz qaydaları ilə tənzimlənir”.

İlahiyyatçı qeyd edib ki, xüsusilə kənd və qəsəbələrdə məscidlərin gecə saatlarında bağlanmasının əsas səbəblərindən biri təhlükəsizlik məsələləridir: “Bəzən məscidlərdə oğurluq halları baş verir. Xalçalar, kitablar və digər əşyalar oğurlana, yaxud məscidin ümumi büdcəsinə yığılan vəsaitə müdaxilə edilə bilər. Buna görə də bir çox yerlərdə məscidlərin hansı saatlarda açıq və bağlı olması ilə bağlı müəyyən qaydalar mövcuddur”.
F.Əhməd bildirib ki, ehtiyac yarandıqda məscidin məsul şəxsləri ilə əlaqə saxlanılaraq gecə saatlarında da ibadət üçün məscidin açılması mümkün ola bilər. İlahiyyatçının sözlərinə görə, iri şəhərlərdə və daha çox ziyarət olunan məscidlərdə isə fəaliyyət saatlarının əvvəlcədən müəyyənləşdirilməsi və ictimaiyyətə açıqlanması daha məqsədəuyğundur: “İnsanlar bilməlidirlər ki, hansı məscid gecə saatlarında, yaxud səhərə qədər açıqdır. Çünki elə insanlar var ki, gün ərzində işdə olur və yalnız gecə saatlarında məscidə gedərək ibadət etmək istəyirlər”.
Ekspert bəzi məscidlərin gecə ibadətlərini nəzərə alaraq səhər namazından əvvəl açıq saxlanılmasının məqsədəuyğun olduğunu da vurğulayıb: “Bəzi insanlar gecə namazlarını məsciddə qılmaq istəyirlər. Buna görə də yaxşı olar ki, sübh namazından təxminən bir saat əvvəl məscidlərin qapıları açılsın və insanlar ibadətlərini yerinə yetirə bilsinlər”.
F.Əhməd əlavə edib ki, təhlükəsizlik tədbirləri təmin olunarsa, müəyyən məscidlərin 24 saat fəaliyyət göstərməsi cəmiyyət üçün faydalı ola bilər: “Məsciddə kameraların, təhlükəsizlik sistemlərinin və ya xüsusi mühafizənin olması şərtilə müəyyən məscidlərin 24 saat açıq saxlanılması cəmiyyətimiz üçün əhəmiyyətli ola bilər. Xüsusilə Ramazan ayında məscidlərin gecə-gündüz açıq olması daha məqsədəuyğundur. Məhərrəm ayında isə bəzi məclislər gecə saatlarına qədər davam etdiyindən məscidlər sübh namazına qədər açıq qala bilir”.
Zərnigar Hüseynli
16:00 07.08.2026
Oxunuş sayı: 59