8,4 milyondan çox ukraynalı ölkəni tərk edib
Rusiya təcavüzü nəticəsində hazırda 8,4 milyondan çox Ukrayna vətəndaşı ölkə hüdudlarından kənarda yaşayır.
Crossmedia.az xəbər verir ki, "UNIAN" bu barədə Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinetsnin açıqlamasına istinadən məlumat yayıb.
Lubinets bildirib ki, hazırda 8,4 milyondan çox Ukrayna vətəndaşı xaricdədir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına əsasən, 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalından sonra 5,7 milyondan çox ukraynalı ölkəni tərk edib. Ombudsmanın açıqladığı rəqəm isə 2014-cü ildən bəri davam edən Rusiya təcavüzünün bütün dövrünü əhatə edir.
"Eurostat"-ın son məlumatına görə, 4,38 milyon Ukrayna vətəndaşı Avropa İttifaqı ölkələrində müvəqqəti müdafiə statusundan istifadə edir. Onların böyük əksəriyyətini qadınlar və uşaqlar təşkil edir.
Ən çox ukraynalı qaçqın Almaniya, Polşa və Çexiyada məskunlaşıb. Bu üç ölkədə ümumilikdə 2,65 milyonadək Ukrayna vətəndaşı yaşayır.
Qeyd edək ki, avqustun 5-dən etibarən Çexiyada çağırış yaşında olan Ukrayna vətəndaşı kişilərə müvəqqəti müdafiə statusu verilməyəcək. Bildirilir ki, bu məhdudiyyət Avropa İttifaqına üzv dövlətlər arasında razılaşdırılıb.
10:47 05.08.2026
Oxunuş sayı: 50