Trampın İran strategiyası Ağ Evdə böhrana çevrildi
ABŞ Prezidenti Donald Trampın İrana münasibətdə izlədiyi strategiya Ağ Evdə son dövrün ən ciddi daxili müzakirələrindən birinə çevrilib.
Crossmedia.az xəbər verir ki, "The Independent" bu barədə məlumat yayıb. Nəşrin yazdığına görə, ötən həftə Tramp milli təhlükəsizlik komandasında yer alan yüksəkvəzifəli şəxslərlə İran siyasəti ilə bağlı ciddi fikir ayrılığı yaşayıb. İddialara əsasən, prezident xüsusilə İranla bağlı müharibə ssenarilərinin idarə olunması və İsraillə koordinasiya məsələlərinə dair bəzi qiymətləndirmələrdən narazı qalıb. Ağ Ev isə Trampın emosional reaksiya verdiyi barədə yayılan məlumatları təkzib edib.
Məlumata görə, administrasiya daxilində bir qrup İranla diplomatik təmasların davam etdirilməsinin tərəfdarıdır. Digər qanad isə Tehrana qarşı hərbi və iqtisadi təzyiqlərin daha da artırılmasını müdafiə edir. Bildirilir ki, Tramp hər iki variantı gündəmdə saxlasa da, yekun qərarla bağlı müşavirlərindən fərqli mövqedədir.
Nəşr yazır ki, İran məsələsi Vaşinqton-Təl-Əviv münasibətlərinə də təsir göstərir. Reuters-in məlumatına görə, Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçirilən son görüşdə İrana qarşı diplomatik, iqtisadi və hərbi variantlar müzakirə olunub. İsrailli yüksəkvəzifəli mənbənin sözlərinə görə, Netanyahu yeni hücum tələb etməyib, lakin alternativ strateji təkliflər irəli sürüb.
Axios-un məlumatına əsasən, Netanyahu İranla diplomatik həll perspektivinə skeptik yanaşır və iqtisadi, eləcə də hərbi təzyiqlərin davam etdirilməsini dəstəkləyir. Tramp isə mümkün hərbi eskalasiyanın qlobal enerji bazarlarına təsirini nəzərə alaraq daha ehtiyatlı davranmağa çalışır.
Məqalədə qeyd olunur ki, ABŞ müdafiə naziri Pit Heqset də İranla bağlı sərt mövqeyi ilə seçilir və zərurət yaranacağı təqdirdə hərbi gücdən istifadənin mümkün olduğunu dəfələrlə bəyan edib. Buna baxmayaraq, Ağ Evdə İrana qarşı mümkün hərbi əməliyyatların miqyası ilə bağlı vahid mövqenin formalaşmadığı vurğulanır.
12:23 03.08.2026
Oxunuş sayı: 53