KİV: Avropa liderlik böhranı ilə üz-üzədir
Britaniya və Fransada gözlənilən siyasi dəyişikliklər fonunda Avropada liderlik boşluğu yarana bilər. Bu vəziyyət Ukraynaya dəstək verən ölkələrin koordinasiyasına və Avropanın vahid mövqeyinə təsir göstərə bilər.
Crossmedia.az xəbər verir ki, "The Telegraph" bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Britaniyanın Baş naziri Kir Starmerin vəzifədən getməsindən sonra onun yerinə gələcəyi ehtimal olunan Endi Börnem daxili siyasətdə təcrübəli siyasətçi kimi tanınsa da, xarici siyasət sahəsində kifayət qədər təcrübəyə malik deyil.
Məqalədə əsas diqqət isə Fransa Prezidenti Emmanuel Makronun gələn il ikinci prezidentlik müddətinin başa çatması ilə vəzifəsini tərk edəcəyinə yönəldilir. Bildirilir ki, hazırda onun aydın varisi görünmür.
Nəşr qeyd edir ki, ifrat sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen prezident seçkilərində favoritlərdən biri hesab olunur. Xatırladılır ki, o, daha əvvəl Fransanı NATO-nun hərbi komandanlığından çıxarmaq, Rusiyaya qarşı sanksiyaları ləğv etmək və Ukraynanı Moskvanın irəli sürdüyü şərtlərlə sülh razılaşmasına sövq etmək niyyətində olduğunu açıqlamışdı.
Məqalədə prezident seçkilərində mümkün namizədlərdən biri olan solçu siyasətçi Jan-Lük Melanşonun da Fransanın NATO-dan çıxmasını dəstəklədiyi vurğulanır.
"The Telegraph" yazır ki, diplomatik dairələrdə Makrondan sonra Avropada liderlik rolunu kimin üzərinə götürəcəyi müzakirə edilir. Əsas namizədlərdən biri Almaniya kansleri Fridrix Merts hesab olunsa da, onun daxili siyasi çətinliklərlə üzləşdiyi bildirilir.
Nəşrdə Almaniya Xristian Demokrat İttifaqının deputatı Roderix Kizevetterin fikirlərinə də yer verilib. O bildirib ki, Almaniyanın hakim koalisiyasında Ukraynadakı müharibədən sonra Rusiya ilə münasibətlərin normallaşdırılmasını istəyən siyasətçilər var. Onun sözlərinə görə, bu amil Almaniyanın bəzi hərbi və sanksiya qərarlarına təsir göstərir.
Məqalədə Polşanın Baş naziri Donald Tuskun Ukraynaya hərbi qüvvə göndərməkdən imtina etdiyi və gələn il keçiriləcək seçkilər ərəfəsində siyasi çətinliklərlə üzləşə biləcəyi qeyd olunur. İtaliyanın Baş naziri Corca Meloni haqqında da oxşar qiymətləndirmə verilir.
Nəşr sonda bildirir ki, hazırkı şəraitdə Ukraynaya dəstək verən ölkələrin koalisiyasına rəhbərlik etmək üçün ən real namizədlərdən biri Endi Börnem hesab olunur.
12:18 03.08.2026
Oxunuş sayı: 56