Ulduzların şahid olduğu həsrət — Şəhriyarın söz dünyasına baxış
Bəzən şair təkcə söz yazmır, bütöv bir xalqın yaddaşını, həsrətini və ümidini misralara çevirir. Elə şairlər var ki, onların adı çəkiləndə bir dağ, bir kənd, bir ana dili, bir də Vətən xatırlanır. Məhəmmədhüseyn Şəhriyar məhz belə sənətkarlardandır.
31 iyul 1906-cı ildə Təbrizin Bağmeşə rayonunda dünyaya gələn Şəhriyarın poeziyaya yolu uşaqlıqdan başlayıb. O, hələ yeddi yaşında ana dilində, doqquz yaşında isə fars dilində şeirlər yazırdı. Bu erkən başlanğıc sonradan Azərbaycan və fars ədəbiyyatına böyük bir irs bəxş edəcəkdi. Qəzəl, qəsidə, məsnəvi, qitə və rübai - klassik şeirin demək olar ki, bütün şəkillərində yazan Şəhriyar sözün ən zərif çalarlarını duymağı bacaran sənətkar idi.
Onun şeirlərində təkcə sevgi yox, həsrət də danışırdı. Təkcə ayrılıq yox, Vətən də nəfəs alırdı. Şairin misralarında insanın daxili aləmi ilə xalqın taleyi eyni ağrının iki üzü kimi görünürdü. Elə buna görə də onun şeirləri müxtəlif nəsillər tərəfindən eyni duyğu ilə oxunur, hər dövr öz ağrısını onun misralarında tapa bilir.
Şəhriyarın məşhur qəzəllərindən birində oxuyuruq:
Ulduz sayaraq gözləmişəm hər gecə yarı
Gec gəlmədədir yar, yenə olmuş gecə yarı.
Eşqin ki qərarında vəfa olmayacaqmış,
Bilməm ki təbiət niyə qoymuş bu qərarı.
İlk baxışda bu misralar aşiqin sevgili yolunu gözləməsindən bəhs edir. Lakin Şəhriyar poeziyasının sirri də elə bundadır: onun “yar”ı bəzən sevgili, bəzən doğma yurd, bəzən ana dili, bəzən də bütöv Vətəndir. Ulduzları sayaraq gözləyən şairin intizarı yalnız bir insanın intizarı deyil, bu, ayrılığın uzandığı, qovuşmağın gecikdiyi bir taleyin poetik ifadəsidir.
1931-ci ildə Tehranda nəşr olunan ilk şeir kitabı onun ədəbi istedadını təsdiqlədi. Ancaq Şəhriyarı XX əsr Azərbaycan poeziyasının zirvəsinə qaldıran əsər “Heydərbabaya salam” oldu. Bu poema sadəcə uşaqlıq xatirələrinin poetik təsviri deyil. Heydərbaba burada bir dağ olmaqdan çıxır, xalqın yaddaşına çevrilir. Şair uşaqlıq kəndinə boylanarkən əslində parçalanmış Vətənə baxır, keçmişin işığında gələcəyin bütövlüyünü axtarır. Poemanın dili sadə, səmimi və xalq ruhuna yaxın olduğuna görə qısa müddətdə geniş oxucu sevgisi qazandı. O, təkcə ədəbi hadisə deyil, milli özünüdərkin poetik ifadəsinə çevrildi.
“Heydərbabaya salam”ı oxuyan hər kəs hiss edir ki, bu əsərdə bir kəndin xiffəti ilə yanaşı, ana dilinə, milli kimliyə və mənəvi birliyə sonsuz sevgi yaşayır. Şəhriyar hansı dildə yazmasından asılı olmayaraq, ürəyinin ən dərin qatında Azərbaycan var idi. Onun poeziyasının əsas mövzusu vətənin mənəvi bütövlüyü, qardaş səsinin eşidilməsi, ayrılıqların sona çatması arzusu idi…
1988-ci il sentyabrın 18-də Tehranda dünyasını dəyişən Məhəmmədhüseyn Şəhriyar Təbrizdə “Şairlər məqbərəsi”ndə dəfn olundu. Amma əsl şairlər məqbərələrdə yaşamırlar. Onlar dillərdə, yaddaşlarda, məktəb kitablarında, ana laylalarında və xalqın qəlbində yaşayırlar.
Bu gün Şəhriyarın doğum gününü xatırlayarkən, əslində bir şairin deyil, bir yaddaşın doğum gününü qeyd edirik. Onun misralarında ulduzları sayan aşiq də yaşayır, Heydərbabanın zirvəsindən Vətənə boylanan şair də.. Və illər keçsə də, o səs hələ də eyni çağırışı edir: insan öz kökünü, dilini və Vətənini unutmadıqca, poeziya yaşayacaq.
Türkanə Məşədiyeva
20:43 31.07.2026
Oxunuş sayı: 65