Zaxarovadan Qərbə sərt xəbərdarlıq: Odla oynayırsınız
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın Rusiya regionlarının mülki əhalisinə qarşı hücumlarını intensivləşdirdiyini iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Donbasın və Novorossiyanın müxtəlif ərazilərində Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-lardan atıldığı bildirilən 100-dən çox yenilənmiş tipli Lepestok piyada əleyhinə mina aşkarlanıb.
Zaxarova bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin mülki əhaliyə qarşı terroru Qərbin tam dəstəyi ilə həyata keçirilir və Qərb ölkələri Kiyevə Rusiyanın dinc sakinlərinə qarşı hücumlarda istifadə olunan silahlar verir.
Diplomatın sözlərinə görə, Rusiya öz vətəndaşlarının müdafiəsi və dövlət təhlükəsizliyinin təmin olunması üçün bütün mümkün vasitələrdən istifadə etməklə səylərini davam etdirəcək.
“Qərb anlamalıdır ki, onun odla oyunu vəziyyəti daha da gərginləşdirir və sülh perspektivlərini uzaqlaşdırır”, – Zaxarova deyib.
O əlavə edib ki, Qərbin Rusiya regionlarına hücumlarda dağıdıcı töhfəsi diqqətdən kənarda qalmır və bu hallar diqqətlə qeydə alınır.
Zaxarova həmçinin bildirib ki, Rusiyaya qarşı hücumlarda iştirak edən şəxslər Ukraynadakı himayəçilərinin qaçılmaz süqutundan sonra buna görə məsuliyyət daşıyacaqlar.
18:29 31.07.2026
Oxunuş sayı: 55