“Söyüş” müxalifətinin növbəti ifşası
Son günlərdə Almaniyada baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan dövlətinin yüksək vəzifəli şəxsləri təxribatlara qarşı səbir, ləyaqət və tutarlı məntiqlə cavab verməyi bacarırlar. Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində nümayəndə heyətində olan Prezidentin köməkçisi Hikmət Hacıyev və Xarici işlər naziri Ceyhun Bayramov xaricdə yaşayan radikal bloqer Ələmdar Bünyadovun əsassız iddiaları ilə üzləşdilər. Bu qarşıdurma isə yalnız bir epizod deyildi. Çünki bir neçə gün əvvəl eyni məkanda Hikmət Hacıyev Tural Sadıqlı ilə oxşar söhbətdə “söyüş müxalifətini” bir neçə dəqiqəyə məhv etmişdi.
Xatırlayaq: 21 iyul 2026-cı ildə Almaniyada Tural Sadıqlı və Hikmət Hacıyev dialoqunu. Prezidentin köməkçisi Tural Sadıqlının təxribat xarakterli əsassız suallarına soyuqqanlılıqla və eyni zamanda kəskin məntiqlə cavab verdi: “Verilişlərinizə çox vaxt ayırmıram, səmimi deyim. Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil”. Daha sonra əlavə etdi: “Həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara mənim yazığım gəlir”. Hikmət Hacıyev Sadıqlının fəaliyyətini “jurnalistika” deyil, “şantaj və bloqerlik” adlandıraraq onun fəaliyyətinin heç bir peşəkar əsasının olmadığını ortaya qoydu. İki dəqiqəlik söhbət kifayət etdi ki, “söyüş müxalifəti”nin nümayəndəsi öz boşluğunu və Vətənə münasibətini bütün aydınlığı ilə nümayiş etdirsin. Bu cavablar sosial mediada uzun müddət gündəmdə qaldı və məntiqin qələbəsi kimi yadda qaldı.
İndi isə növbə Ələmdar Bünyadova çatdı. İranın xüsusi xidmət orqanları ilə əlaqələri olan, vətəndən qaçıb vətənə xəyanət edən bu bloqer Almaniyada Azərbaycan nümayəndə heyətinə yaxınlaşıb hüquq-mühafizə orqanlarının qərarları və “işgəncə” iddiaları ilə bağlı suallar verdi. Lakin unutduğu bir şey var idi ki, daim Azərbaycan hakimiyyəti ilə debata çıxmaq istəyən bu vətən xainləri hökümət nümayəndələri qarşısında 5 dəqiqə brlə dayana bilmirlər. Bloqerin əsassız iddialarına qarşı Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun cavabı aydın və prinsipli oldu:
“Qeyd etdiyiniz məsələlər sizin şəxsi qənaətinizdir və şəxsi qənaətinizi həqiqət kimi təqdim etməyiniz qəbuledilməzdir. Bununla bağlı Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən qərar qəbul olunubsa, bu qərara dair onun apelyasiyaya və kassasiyaya təqdim edilməsinin də öz qaydaları var. İşgəncələrlə bağlı dedikləriniz sizin mülahizənizdir. Mən əminəm ki, Azərbaycanda işgəncə tətbiq edilə bilməz, xüsusi olaraq qadınlara qarşı. Ümumilikdə bu mümkünsüzdür”.
Hikmət Hacıyev isə Tural Sadıqlının əsassız iddialarını məhv etdiyi kimi, bu bloqerə də tutarlı və əsaslı cavablar verərək susdurdu:
“Siz ittiham edilən, məhkəməyə çıxarılan jurnalistlərin kimin tərəfindən maliyyələşdirildiyini bilirsiniz? Məsələyə xüsusi obyektiv yanaşın. Siz Almaniyada hansı statusda yaşayırsınız? Azərbaycandan nəyə görə getmisiniz? Azərbaycanın suverenliyi və milli təhlükəsizliyi hər şeydən dəyərlidir”.
Bu cavablar yalnız faktlara əsaslanmır, həm də dərin dövlətçilik yanaşmasını əks etdirir. Məmurlar əvvəlcə dinlədilər, sonra isə emosiyaya qapılmadan, hüquqi və məntiqi çərçivədə cavab verdilər. Onlar şəxsi hücumlara və radikal ittihamlara qarşı səbir nümayiş etdirdilər – bu, diplomatik mədəniyyətin və dövlət nümayəndəsinin ləyaqətinin parlaq nümunəsidir. Xaricdə yaşayan, Vətənə qarşı düşmənçilik edən şəxslərin əsassız iddiaları qarşısında belə sakit, əsaslandırılmış və prinsipial mövqe tutmaq hər kəs üçün ibrətamizdir.
Bu hadisələr bir həqiqəti bir daha təsdiqləyir: “söyüş müxalifəti”nin silahı yalnız boş iddialar, şəxsi kin və xarici dairələrin maliyyəsidir. Onlar faktlara, hüquqa və məntiqə dayana bilmirlər. Azərbaycan məmurları isə hər dəfə eyni üslubda – səbirlə, ləyaqətlə və tutarlı arqumentlərlə cavab verir. Bu, yalnız şəxsi keyfiyyət deyil, dövlətin gücünün və özünəinamının göstəricisidir.
Nəticə aydındır: kim Vətənə xəyanət yolunu seçibsə, onun “söhbəti” də elə həmin boşluqla bitir. Hikmət Hacıyev və Ceyhun Bayramovun Almaniyadakı cavabları isə həm daxildə, həm də xaricdə hər kəsə dərs oldu.
16:18 31.07.2026
Oxunuş sayı: 105