Yeni dövlət davranış modeli: Azərbaycan rəsmilərinin təmkinli mövqeyi, söyüş müxalifətini necə "sındırır"?
Son illər Azərbaycanın dövlət rəsmilərinin beynəlxalq platformalarda nümayiş etdirdiyi mövqe informasiya mübarizəsində yeni yanaşmanın formalaşdığını göstərir. Münhen Təhlükəsizlik Konfransında Birinci vitse-prezident Mehriban Əliyevanın arqumentli çıxışı, Prezidentin köməkçisi Hikmət Hacıyevin Berlində Tural Sadıqlı ilə polemikası, eləcə də Almaniyada Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovun təxribat xarakterli suallara verdiyi cavablar göstərir ki, Azərbaycan artıq informasiya hücumlarına susqunluqla deyil, hüquqa, faktlara və siyasi arqumentlərə söykənən qətiyyətli mövqe ilə cavab verir.
Almaniyada keçirilən tədbirdə xaricdə yaşayan bloger Ələmdar Bünyadovun səsləndirdiyi ittihamlara Azərbaycan rəsmilərinin nümayiş etdirdiyi soyuqqanlı və prinsipial münasibət ictimai müzakirələrə səbəb olub. Bu yanaşma artıq təsadüfi deyil, Azərbaycanın beynəlxalq informasiya məkanında formalaşdırdığı yeni dövlət-kommunikasiya modelinin tərkib hissəsidir.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, informasiya mübarizəsində artıq oturuşmuş normalar, tələblər və standartlar var: "Əgər hər hansı tərəf dezinformasiyadan istifadə edir, əks-təbliğata üstünlük verirsə, əlbəttə ki, bunun qarşısını əks-təbliğatla almaq lazımdır.
Uzun illərdir bəzi Avropa institutları, onların təsiri altında fəaliyyət göstərən, özlərini demokrat adlandıran müxtəlif ünsürlər, siyasi alverçilər və dələllər bunu özləri üçün qazanc mənbəyinə çeviriblər. Onlar Avropadakı müxtəlif fond və institutlardan maliyyə dəstəyi almaq üçün guya Azərbaycanda demokratiya quruculuğuna töhfə verdiklərini iddia edirlər. Halbuki, əslində belə deyil.
Vicdanlı fəaliyyət hansı sahədə olsun, o cümlədən informasiya sahəsində heç vaxt mənfi reaksiya doğurmur. Əgər Azərbaycana qarşı geniş şəkildə istifadə olunan təbliğat maşınları gün ərzində dəfələrlə saxta məlumatlar yayırsa, əlbəttə ki, onların hamısına cavab vermək lazımdır. Bu artıq informasiya mübarizəsinin normasıdır. Kimsə yalan danışırsa, Azərbaycanın haqqını pozursa, ölkəmizə qarşı qarayaxma kampaniyası aparırsa, buna mütləq cavab verilməlidir. İnsanlar həqiqətin nə olduğunu bilməlidirlər.
Bunu 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi zamanı da gördük. Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibəyə cavab verildi və 44 gün ərzində bəzi Avropa dairələrində Azərbaycana qarşı necə saxta təbliğat aparıldığının şahidi olundu. Onlar reallıq hissini itirmişdilər və həmin dezinformasiyaya qarşı işləmək lazım idi.
Azərbaycan mediası həm müharibə dövründə, həm də sonrakı illərdə yorulmadan çalışdı ki, həqiqətləri dünya ictimaiyyətinə çatdırsın. "Azərbaycan həqiqətləri" ifadəsindən daha çox, "Azərbaycana aid həqiqi məlumatlar" demək doğrudur. Həqiqətin milli mənsubiyyəti yoxdur. Həqiqət var və onu olduğu kimi çatdırmaq lazımdır".
O, bildirib ki, Azərbaycanla bağlı uzun illər Qərb institutlarının bir qismi, müxtəlif rəngli inqilab mərkəzləri, ermənipərəst lobbilər "Washington Post", "New York Times", "Wall Street Journal" kimi nüfuzlu media orqanlarında ölkəmiz haqqında saxta məlumatlar yayırdılar: "Məqsəd Azərbaycanın imicinə zərbə vurmaq idi. Belə olan halda susmaq olmaz. Əksinə, həmin məlumatların izinə düşmək, onları ifşa etmək və həqiqəti yaymaq lazımdır.
Bu istiqamətdə Azərbaycanda media qurumları və aidiyyəti təsisatlar fəal işləyirlər. Dünya mediası davamlı izlənilməli, Azərbaycana qarşı qərəzli materiallar vaxtında aşkarlanmalı və onlara operativ cavab verilməlidir. Burada bütün vasitələrdən istifadə etmək lazımdır. Xaricdə yaşayan soydaşlarımız və ictimai fəallar da sosial şəbəkələr vasitəsilə həqiqətləri yaymalıdırlar.
Əks halda informasiya qarşıdurmasında uduzmaq mümkündür. Artıq çoxdan gözlənilən dönüş yaradılıb. Bu gün süni intellektdən, rəqəmsallaşmadan və məlumat bazalarının yaradılmasından istifadə olunur. Bunların hamısı möhkəm əsaslar üzərində qurulmalı və mütəmadi yenilənməlidir. Bu yanaşmanın həm cəmiyyət, həm də media nümayəndələri üçün müsbət nəticələri var."

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə söyləyib ki, son illər Azərbaycan dövlətinin beynəlxalq informasiya məkanında davranış üslubunda ciddi keyfiyyət dəyişikliyi baş verib: "Artıq söhbət ayrı-ayrı məmurların fərdi reaksiyasından getmir. Söhbət formalaşmış dövlət məktəbindən, yeni siyasi-kommunikasiya modelindən gedir.
Bu modelin ilk parlaq nümunəsini Mehriban Əliyeva Münhen Təhlükəsizlik Konfransı zamanı nümayiş etdirdi. Sonrakı dövrdə Prezidentin köməkçisi Hikmət Hacıyevin Berlində Tural Sadıqlı ilə soyuqqanlı və məntiqli mükaliməsi həmin xəttin davamı oldu. İndi isə Almaniyada baş verən son hadisədə bu yanaşmanın daha da möhkəmləndiyi görünür.
Almaniyada keçirilən tədbirdən sonra Azərbaycanın iki ən yüksək ranqlı dövlət rəsmisi – xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin köməkçisi Hikmət Hacıyev xaricdə yaşayan bloger Ələmdar Bünyadovun təxribat xarakterli sualları və israrlı ittihamları ilə üz-üzə qaldılar. Buna baxmayaraq, onlar nə polemikadan yayındılar, nə də emosional reaksiyaya yol verdilər. Qarşı tərəfi dinlədilər, sonra isə sakit, mədəni, arqumentli, hüquqi-siyasi əsaslara söykənən, eyni zamanda qətiyyətli cavablar verdilər. Məncə, bu davranış təsadüfi deyil. Bu, artıq dövlət üslubudur.
Bu hadisələrə təkcə informasiya mübarizəsinin epizodları kimi baxmaq olmaz. Burada Azərbaycan dövlətini təmsil edən şəxslərin hazırlığı, intellektual potensialı, psixoloji dayanıqlığı, siyasi mədəniyyəti və davranış etikası görünür. Beynəlxalq tədbirlərdə, kameraların qarşısında, əvvəlcədən planlaşdırılmış və ya spontan təxribatlarla üzləşəndə özünü itirməmək, emosiyaya qapılmamaq və arqumentlə cavab vermək hər siyasətçinin bacardığı iş deyil. Ən diqqətçəkən məqam Azərbaycan dövlətinin artıq bu cür təxribatlardan yayınmamasıdır. Uzun illər belə situasiyalarda ya susmaq, ya da qarşı tərəfə ümumiyyətlə reaksiya verməmək taktikası üstünlük təşkil edirdi. İndi isə tamamilə fərqli yanaşma formalaşıb. Dövlət nümayəndələri dialoqdan qaçmırlar. Onlar cavab verirlər. Amma bu cavab emosional deyil, faktlara, hüquqa və siyasi arqumentlərə söykənir".
O, bildirib ki, bu yanaşma yeni dövlət davranış modelidir: "Müasir informasiya müharibəsində üstünlük artıq daha yüksək səslə danışan tərəfdə olmur. Üstünlük faktı, arqumenti, hazırlığı və özünəinamı olan tərəfdə olur. Beynəlxalq auditoriya da məhz buna qiymət verir.
Bugünkü dünyada dövlətlərin gücü yalnız hərbi, iqtisadi və diplomatik imkanlarla ölçülmür. İnformasiya məkanında nümayiş etdirilən intellektual üstünlük, siyasi hazırlıq, kommunikasiya bacarığı və psixoloji dayanıqlıq da milli gücün ayrılmaz hissəsinə çevrilib.
Azərbaycan son illərdə məhz bu sahədə özünəməxsus siyasi-kommunikasiya modeli formalaşdırmağa nail olub. Bu model göstərir ki, Azərbaycan dövləti açıq polemikadan çəkinmir, təxribatlardan qorxmur, informasiya meydanını rəqibə buraxmır. Amma bunu aqressiya ilə deyil, arqumentlə, siyasi mədəniyyətlə, təmkinlə və dövlət ləyaqəti ilə edir.
Bu, təkcə bugünkü informasiya mübarizəsində deyil, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından da strateji əhəmiyyət daşıyan və gələcəkdə davam etdirilməsi vacib olan dövlət davranış modelidir".
Zeynəb Həsən
15:00 31.07.2026
Oxunuş sayı: 61