Tsarukyan: Ermənistan geosiyasi sarsıntılar astanasındadır
Həbsdə olan "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan bəyan edib ki, Ermənistan yaxın aylarda ciddi geosiyasi sarsıntılarla üz-üzə qala bilər.
Crossmedia.az xəbər verir ki, "Sputnik Ermənistan" bu barədə məlumat yayıb.
Tsarukyan bildirib ki, yeni parlamentdə "Çiçəklənən Ermənistan" Partiyasının və onun proqramının yoxluğu hiss olunacaq. Onun sözlərinə görə, problem peşəkar deputatların azlığında deyil, alternativ baxışların və fərqli proqram yanaşmalarının olmamasındadır.
Siyasətçi hesab edir ki, Rusiya–Ukrayna müharibəsi, İran–ABŞ qarşıdurması, Azərbaycanın tələbləri və Türkiyənin çağırışları fonunda Ermənistan son dərəcə həssas vəziyyətdədir. O, ölkənin süni şəkildə Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi (AİB) arasında seçim qarşısında qoyulduğunu vurğulayıb.
Tsarukyanın fikrincə, Ermənistan geosiyasi qarşıdurmaların iştirakçısına çevrilməməli, əksinə, gərginliyi azaltmağa və böyük güclərin toqquşmasında "ayaq altında qalmamağa" imkan verəcək addımlar atmalıdır.
O əlavə edib ki, bu məsələ artıq hakimiyyətlə müxalifət arasındakı mübarizədən kənara çıxıb və mümkün mənfi nəticələr bütün ölkəyə təsir göstərə bilər.
14:38 31.07.2026
Oxunuş sayı: 47