Zelenski: Putin gizli səfərbərliyə hazırlaşır
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin müharibəni dayandırmağa hazır olmadığını və gizli səfərbərliyə hazırlaşdığını iddia edib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə "Sky News" telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ukrayna kəşfiyyatının məlumatına əsasən, Putin sentyabrın 21-də keçiriləcək Rusiya Dövlət Dumasına seçkilərdən sonra yeni səfərbərlik dalğası keçirməyi planlaşdırır.
Zelenski bildirib ki, səfərbərlik açıq şəkildə elan edilməyəcək, çünki Kremlin cəmiyyətin reaksiyasından ehtiyat etdiyi iddia olunur. O hesab edir ki, oktyabrın əvvəlində 300 mindən 500 minədək şəxsin orduya cəlb edilməsi nəzərdə tutulur.
Ukrayna liderinin fikrincə, bu planın qarşısını almaq üçün Rusiyanın logistika imkanlarına, silah təminatına, benzin və dizel yanacağı tədarükünə zərbə vurulmalı, həmçinin tərəfdaş ölkələr Moskvanın hərbi əməliyyatlarına görə daha sərt sanksiyalar tətbiq etməlidirlər.
Zelenski əlavə edib ki, Rusiyanın qısa müddətdə bu qədər insanı hazırlamaq imkanı yoxdur və bu səbəbdən cəbhəyə kifayət qədər hazırlıq keçməmiş hərbçilər göndərilə bilər ki, bu da böyük itkilərlə nəticələnə bilər.
11:01 27.07.2026
Oxunuş sayı: 56