ABŞ-də maliyyə mübahisələri: Tramp administrasiyasının İran siyasəti risk altındadır?
ABŞ administrasiyasının İrana qarşı hərbi əməliyyatları maliyyələşdirmək üçün əlavə vəsait axtarması və Konqresdə bu məsələ ətrafında yaranan fikir ayrılıqları Vaşinqtonun Yaxın Şərq siyasəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Demokratlarla respublikaçılar arasında yaşanan siyasi qarşıdurma maliyyələşdirmə prosesini çətinləşdirir. Bəs bu vəziyyət Tramp administrasiyasının İran siyasətinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib: "Tramp administrasiyasının Yaxın Şərqdəki savaşı maliyyələşdirməklə bağlı üzləşdiyi problemlər daha çox ABŞ daxilində gedən siyasi proseslərlə bağlıdır. Burada əsas məsələ hakimiyyətdə olan respublikaçılara müqavimət göstərən Demokratlar Partiyasının mövqeyidir. Demokratlar Tramp administrasiyasına problemlər yaratmağa çalışır və əsas məqsədləri onun həm daxili siyasi proseslərdə, həm də qlobal müstəvidə zəif görünməsinə nail olmaqdır".
Politoloq qeyd edib ki, Yaxın Şərqdəki müharibə demokratlar üçün əlverişli əks-təbliğat mövzusuna çevrilib: "Hazırda əsas hücumlar Trampın müharibə ilə bağlı səlahiyyətlərinin məhdudlaşdırılmasına yönəlib və bu baxımdan maliyyə məsələsi ön plana çəkilir. Halbuki, ABŞ bu müharibənin maliyyə yükünü rahatlıqla daşıya biləcək gücdədir. Burada əsas məqsəd Tramp administrasiyasını maliyyə imkanlarından məhrum etməyə çalışmaqdır.
Tramp administrasiyası bu çətinlikləri aradan qaldıracaq. Bununla belə, Demokratlar bu məsələ vasitəsilə Amerika cəmiyyətinin diqqətini administrasiyanın fəaliyyətinə yönəltməyə çalışırlar və böyük ölçüdə buna nail olublar. Mövcud vəziyyət dəyişməzsə, bu, ABŞ-nin qlobal imicinə mənfi təsir göstərə bilər. Eyni zamanda Yaxın Şərqdəki hərbi-siyasi böhran Tramp administrasiyasından sonrakı hakimiyyət üçün də əsas problemlərdən biri olaraq qalacaq. ABŞ-də daxili siyasi mübarizə heç bir halda ölkənin milli maraqlarını üstələyə bilməz və Tramp administrasiyası böyük ehtimalla bu maneələri aşaraq İranla bağlı hədəflərinə çatmaq istiqamətində fəaliyyətini davam etdirəcək".
Zeynəb Həsən
14:30 25.07.2026
Oxunuş sayı: 60