ABŞ Türkiyənin F-35 proqramına qayıtması üçün şərtləri açıqladı
ABŞ Dövlət Departamenti Konqresə Türkiyənin hələlik F-35 qırıcı proqramına geri qayıtmaq üçün tələb olunan şərtləri yerinə yetirmədiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Vaşinqton Ankaradan Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemləri məsələsini həll etməyi, həmin kompleksləri ölkə ərazisindən çıxarmağı və analoji sistemlərin alınmasından imtina etməyi tələb edir.
Qeyd edək ki, Türkiyə ABŞ-nin Patriot sistemlərini istehsal texnologiyalarının ötürülməsi şərti ilə satmaqdan imtina etməsindən sonra Rusiyadan S-400 kompleksləri almışdı. Ankara həmçinin Suriya müharibəsi fonunda güclü hava hücumundan müdafiə sisteminə ehtiyac olduğunu bildirirdi.
2016-cı ildə Türkiyədə baş vermiş çevriliş cəhdindən sonra prezident Rəcəb Tayyib Ərdoğan ölkənin NATO-dan müdafiə sahəsində asılılığını azaltmaq istəmişdi. Rusiya isə Ankara üçün daha sərfəli qiymət, kredit imkanları və birgə istehsal təklifi irəli sürmüşdü.
19:08 24.07.2026
Oxunuş sayı: 50