İran Bəhreyndə Amazon məlumat mərkəzinə hücum edib
İran ABŞ-nin “Darxoveyn” Atom Elektrik Stansiyasına endirdiyi zərbəyə cavab olaraq Bəhreyndə yerləşən ABŞ şirkəti Amazon-un məlumat mərkəzini hədəf aldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "ISNA" agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, hücum ABŞ-nin tikintisi davam edən “Darxoveyn” AES-ə endirdiyi raket zərbəsinə cavab olaraq həyata keçirilib.
İran tərəfinin məlumatına əsasən, ABŞ Silahlı Qüvvələri iyulun 19-na keçən gecə İranın cənub-qərbində yerləşən “Darxoveyn” Atom Elektrik Stansiyasına zərbələr endirib.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) hadisəni araşdırdığını açıqlayıb. Agentlik bildirib ki, obyekt tikintinin ilkin mərhələsindədir və burada nüvə materialı yoxdur. Buna görə də radiasiya sızması riski mövcud deyil.
Rusiya ABŞ-nin bu hücumunu pisləyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ABŞ-İsrailin İrana qarşı fəaliyyəti nəticəsində yaranan böhranın həlli istiqamətində aparılan bütün səylər faktiki olaraq dayandırılıb.
Zaxarova qeyd edib ki, nüvə silahına malik olmayan dövlətlərin atom enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ şübhə altına alınmamalı və bu sahədə fəaliyyət göstərən obyektlər hücumlara məruz qalmamalıdır.
O, ''MAQATE'' nin bu cür addımların qarşısının alınması üçün tədbirlər görəcəyinə ümid etdiyini bildirib.
16:17 24.07.2026
Oxunuş sayı: 65