Çin Putindən sonrakı Rusiya üçün hazırlıq görür
Çin Rusiyaya münasibətdə strategiyasını dəyişərək Moskvanın gələcək siyasi mənzərəsinə hazırlaşmağa başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝The Wall Street Journal˝ məlumat yayıb.
Nəşrin yazdığına görə, Ukraynada müharibə fonunda Pekin və Moskva arasındakı münasibətlər nümayişkaranə tərəfdaşlıq modelindən Rusiyanın getdikcə Çindən daha çox asılı olduğu praqmatik münasibətlərə çevrilib.
˝WSJ˝ qeyd edir ki, Vladimir Putinin dövründə Rusiya Çin üçün əsas tərəfdaşlardan biri olsa da, hazırda Moskva iqtisadi baxımdan Pekindən daha çox asılı vəziyyətə düşüb.
Məlumata görə, Putinin 2026-cı ilin mayında Pekinə səfəri zamanı əsas müzakirə mövzularından biri “Sibirin gücü-2” qaz kəməri layihəsi olub. Lakin Çin tərəfi qazın daxili Rusiya qiymətləri ilə, yəni dünya bazarındakı qiymətlərdən daha aşağı məbləğə alınmasını tələb edib. Tərəflər arasında 42 sənəd imzalansa da, qaz kəməri ilə bağlı razılaşma əldə olunmayıb.
Nəşrin mənbələri bildirir ki, Pekin razılaşmağa tələsmir və Rusiyanın iqtisadi vəziyyətinin daha da zəifləməsinin Moskvanı Çinin şərtlərini qəbul etməyə məcbur edəcəyini gözləyir.
˝WSJ˝-nin məlumatına əsasən, Rusiyanın xarici ticarətində Çinin payı 2013-cü ildə təxminən 10 faiz olduğu halda, hazırda bu göstərici 40 faizə yaxınlaşıb. Eyni zamanda, Rusiyanın Çin ticarətindəki payı 4 faizdən də azdır.
Məqalədə həmçinin bildirilir ki, Pekin Mərkəzi Asiyada təsirini genişləndirir və region ölkələri ilə iqtisadi əlaqələrini gücləndirir. Çin, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə mövqelərini artırmağa çalışır.
WSJ-nin iddiasına görə, Pekin yalnız hazırkı Rusiya hakimiyyəti ilə deyil, Vladimir Putindən sonra ölkədə əsas rol oynaya biləcək məmurlar və nüfuzlu qruplarla da əlaqələr qurur.
Nəşr yazır ki, Çin üçün Rusiyada mümkün hakimiyyət dəyişikliyi artıq uzaq ehtimal deyil, əvvəlcədən hazırlaşılmalı olan ssenaridir.
23:02 23.07.2026
Oxunuş sayı: 41