İlon Mask "The Odyssey"ə qarşı: Filmin öz versiyasını hazırlayacağını açıqladı
Dünyanın ən varlı adamı İlon Mask hələ nümayişə çıxmamış tənqid etdiyi "The Odyssey" filminin öz versiyasını hazırlayacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Hürriyet" bu barədə məlumat yayıb.
Məlumata görə, Kristofer Nolanın rejissoru olduğu film ötən həftəsonu kinoteatrlarda nümayişə başlayıb və artıq kassada rekord nəticə göstərib. Lakin ekran əsəri Maskın gözləntilərini doğrultmayıb.
Homerosun məşhur qədim yunan dastanı əsasında çəkilən filmdə İtaka kralı Odisseyin Troya müharibəsindən sonra vətənə qayıtmaq uğrunda keçdiyi çətin yol təsvir olunur. Filmdə Odissey obrazını Mett Deymon, Penelopa obrazını Enn Heteuey, Troya Helenasını isə Lupita Nyonqo canlandırır.
Mask "X" sosial şəbəkəsində yazıb ki, ilin sonuna qədər onun süni intellekt platforması "Grok Imagine" Homerosun əsərinə daha sadiq və tarixi baxımdan daha dəqiq hesab etdiyi "The Odyssey" filmini hazırlayacaq.
Mask xüsusilə Troya Helenasını canlandıran Lupita Nyonqonun seçilməsini tənqid edib. O, amerikalı mühafizəkar şərhçi Mett Uolşın “Helena roluna ağdərili aktrisa seçilsəydi, Kristofer Nolan irqçilikdə ittiham olunardı” fikrini dəstəkləyərək “Doğrudur” şərhini yazıb.
Bundan əlavə, Mask Kristofer Nolanın "Oskar" mükafatlarında uğur qazanmaq üçün aktyor seçimində müxtəliflik və inklüzivlik meyarlarını əsas götürdüyünü iddia edib. O, filmdə trans aktyor Elliot Peycin də rol almasını tənqid edib.
Maskın açıqlamalarına cavab olaraq tanınmış amerikalı aktyor Alek Bolduin Lupita Nyonqonun fotosunu paylaşaraq, “Əziz İlon, o həqiqətən də dünyanın ən gözəl qadınıdır”, – sözlərini yazıb.
07:02 24.07.2026
Oxunuş sayı: 50