"Tesla" ilə "SpaceX" birləşə bilər: Maskın açıqlaması iddiaları gücləndirdi
"Tesla" və "SpaceX" şirkətlərinin gələcəkdə birləşdirilə biləcəyi ilə bağlı iddialar yenidən gündəmə gəlib.
Crossmedia.az xəbər verir ki, "CNBC Türkiye" bu barədə məlumat yayıb.
Məlumata görə, "Tesla"nın son maliyyə nəticələrinin açıqlanması zamanı çıxış edən şirkətin baş direktoru İlon Mask "SpaceX" ilə əməkdaşlığın bir çox istiqamətdə davam etdiyini bildirib.
“Gördüyünüz kimi, "SpaceX" ilə bir çox sahədə birlikdə çalışırıq və bu əməkdaşlıq getdikcə daha da genişlənir”, – deyə Mask qeyd edib. O, bununla belə, mümkün birləşmə ilə bağlı qərarların korporativ prosedurlar çərçivəsində qəbul olunmalı olduğunu vurğulayıb.
Maskın açıqlamasından sonra investor Cin Munster "Tesla" ilə "SpaceX"in birləşməsi ehtimalını 80 faizdən 90 faizə yüksəltdiyini bildirib. Analitiklərin fikrincə, iki şirkət arasında mühəndislik, süni intellekt, istehsal və enerji texnologiyaları sahəsində əməkdaşlıq artıq kifayət qədər dərinləşib.
Hazırda "Tesla" bəzi "SpaceX" layihələrinə batareya və istehsal texnologiyaları təqdim edir. Hər iki şirkət eyni zamanda süni intellekt çiplərinin istehsalına yönəlmiş "Terafab" adlı yarımkeçirici istehsalı müəssisəsi üzərində də birlikdə çalışır.
Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, mümkün birləşmənin qarşısında ciddi maneələr də var. Xüsusilə Çində milli təhlükəsizliklə bağlı tənzimləyici məhdudiyyətlər və Maskın "SpaceX"dəki yüksək səsvermə hüququnun "Tesla"nın açıq səhmdarları üçün korporativ idarəetmə baxımından problemlər yarada biləcəyi vurğulanır.
06:00 24.07.2026
Oxunuş sayı: 71