Süni intellekt dələduzluğu - saxta reklamlar artır
Son dövrlərdə sosial media platformalarında süni intellekt vasitəsilə hazırlanmış saxta reklamların sayı sürətlə artır. Tanınmış şəxslərin görüntü və səslərinin təqlid olunduğu, mövcud olmayan və ya keyfiyyətsiz məhsulların təqdim edildiyi reklamlar istifadəçiləri aldatmaq üçün getdikcə daha peşəkar üsullarla hazırlanır. Mütəxəssislər hesab edirlər ki, problemin əsas səbəbi həm texnologiyanın sürətli inkişafı, həm də insanların reklamlara psixoloji meyillə yanaşmasıdır.

İT mütəxəssisi Vüsal Məmmədzadə bildirib ki, süni intellekt saxta məzmun hazırlanmasını əvvəlki illərlə müqayisədə xeyli asanlaşdırıb: "Əvvəllər peşəkar dizayner, montajçı və ya proqramçı tələb edən işləri indi bir neçə dəqiqə ərzində həyata keçirmək mümkündür. Tanınmış şəxslərin görüntü və səslərini təqlid etmək, real mağazaya bənzər reklamlar və inandırıcı məhsul rəyləri hazırlamaq artıq çətin deyil. Bu isə saxta reklamların daha etibarlı görünməsinə və insanların onlara inanmasına səbəb olur. Vüsal Məmmədzadə vətəndaşlara alış-veriş etməzdən əvvəl satıcının fəaliyyət tarixçəsini, səhifəsinin yaradılma tarixini, real müştəri rəylərini və əlaqə məlumatlarını yoxlamağı tövsiyə edib. Bazar qiymətindən xeyli ucuz təkliflərə, əvvəlcədən ödəniş tələbinə və tələsdirici satış üsullarına ehtiyatla yanaşmaq lazımdır. Burada platformalar da məsuliyyət daşıyır. Süni intellektlə hazırlanmış saxta reklamların aşkarlanması üçün avtomatik yoxlama sistemlərinin gücləndirilməsi, reklam verənlərin şəxsiyyətinin daha ciddi təsdiqlənməsi və istifadəçi şikayətlərinə operativ reaksiya verilməsi də vacibdir".

Sosioloq Mail Yaqub isə insanların reklamlara inanmasının psixoloji səbəblərlə bağlı olduğunu deyib: "İnsan gördüyü informasiyadan təsirlənir və hətta qısa müddət ərzində qarşılaşdığı reklamlar belə altşüurda iz buraxaraq qərarlarına təsir göstərir. Reklamın süni intellektlə və ya real şəxslərin iştirakı ilə hazırlanmasının bu baxımdan ciddi fərqi yoxdur. Əsas məsələ reklam olunan məhsulun qanunvericiliyə uyğun olub-olmamasıdır. Qanunla qadağan edilməyən məhsulların reklamına məhdudiyyət qoyulmur və qanun çərçivəsində fəaliyyət göstərən reklamların qarşısını almaq mümkün deyil. Qanundan kənar fəaliyyət göstərən şəxslər isə hüquqi məsuliyyət daşımalıdırlar".
Zeynəb Həsən
14:45 18.07.2026
Oxunuş sayı: 60