Osmanlıda lalə niyə sərvət qədər qiymətli idi?
Osmanlı imperiyasında lalə təkcə gözəllik rəmzi deyil, həm də nüfuz, mədəniyyət və iqtisadi dəyər göstəricisi hesab olunurdu.
Crossmedia.az xəbər verir ki, "Habertürk" bu barədə məlumat yayıb.
Məlumata görə, Osmanlı dövründə yüzlərlə müxtəlif lalə növü yetişdirilsə də, ən qiymətliləri nadir rəngi, zərif forması və estetik görünüşü ilə seçilən növlər idi. "Türkiyə Diyanət Vəqfi İslam Ensiklopediyası"nın məlumatına əsasən, Lalə dövründə 839 müxtəlif lalə növü mövcud olub.
Həmin dövrdə əsas dəyər çiçəyin özündən çox, nadir tapılan lalə soğanaqlarına verilirdi. Yeni növ yetişdirmək uzun illər tələb edir, bu işlə məşğul olan mütəxəssislər – şükufəçilər müxtəlif xüsusiyyətlərə malik lalələri seçərək yeni sortlar əldə etməyə çalışırdılar. Uğurlu nəticə isə hər zaman mümkün olmurdu.
Osmanlı estetik anlayışına görə, uzun, incə gövdəli və sivri ləçəkli "İstanbul laləsi" ən ideal forma hesab edilirdi. Yeni yetişdirilən hər bir lalə yalnız fərqli olduğuna görə deyil, həm də bu estetik meyarlara nə dərəcədə uyğun gəldiyinə əsasən qiymətləndirilirdi.
Yeni lalə növləri şükufənamə adlanan əsərlərdə qeydə alınır, onlara "Yaqut qədəhi", "Cənnət bağı" kimi xüsusi adlar verilirdi. Bu ənənə lalənin Osmanlı mədəniyyətində sadəcə bitki deyil, həm də sənət nümunəsi kimi qəbul edildiyini göstərirdi.
Lalənin dəyəri onun mənəvi anlamı ilə də bağlı idi. Təsəvvüf ənənəsində "lalə" sözü ilə "Allah" kəlməsinin ərəb əlifbasında eyni hərflərdən ibarət olması və əbcəd hesabında hər ikisinin 66 rəqəminə uyğun gəlməsi səbəbindən lalə ilahi gözəllik və tövhidin rəmzi sayılırdı. Buna görə də lalə motivi çini, xəttatlıq, təzhib, toxuculuq və memarlıqda geniş istifadə olunurdu.
Nadir lalə soğanaqlarına tələbat artdıqca onların qiyməti də sürətlə yüksəlməyə başlayıb. Bunun iqtisadi spekulyasiyaya çevrilməsinin qarşısını almaq məqsədilə Osmanlı hakimiyyəti 1722-ci ildə müxtəlif lalə növləri üçün maksimum satış qiymətlərini müəyyən edən nərx tətbiq edib.
Məlumata görə, lalənin Avropada tanınmasında da Osmanlı mühüm rol oynayıb. Kanuni Sultan Süleyman dövründə İstanbulda fəaliyyət göstərən Avstriya səfiri Ojiye Gizelen de Busbek (Ogier Ghiselin de Busbecq) Avropaya göndərdiyi bitkilər arasında lalə soğanaqlarını da daxil edib. Qısa müddətdə lalə Avropada, xüsusilə də Hollandiyada geniş yayılıb.
Tarixçilər qeyd edirlər ki, Hollandiyada yaşanan "Tulip Mania" daha çox iqtisadi spekulyasiya xarakteri daşıdığı halda, Osmanlıda lalə əsasən estetik zövqün, mədəniyyətin və nüfuzun simvolu kimi qiymətləndirilib.
08:50 16.07.2026
Oxunuş sayı: 59