“Metrik Konvensiya”ya qoşulma Azərbaycana hansı üstünlükləri verir?
Prezident İlham Əliyev Azərbaycanın “Metrik Konvensiya”ya qoşulması barədə qanunu təsdiqləyib.
Beləliklə, Azərbaycan Respublikası 1875-ci il mayın 20-də Paris şəhərində imzalanmış “Metrik Konvensiya”ya qoşulub.
Azərbaycanın "Metrik Konvensiya"ya qoşulması ölkədə ölçmə sisteminin beynəlxalq standartlara daha sıx inteqrasiyası baxımından mühüm addım hesab olunur. Bu qərarın elm, sənaye, ticarət və metrologiya sahələrində beynəlxalq əməkdaşlığın genişlənməsinə, eləcə də ölçmələrin dəqiqliyi və qarşılıqlı tanınmasına müsbət təsir göstərəcəyi gözlənilir.

Hüquq müdafiəçisi Sahib Məmmədov Crossmedia.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, "Metrik Konvensiya" dünyanın ən qədim beynəlxalq sazişlərindən biridir və bu il onun qəbulundan 150 il ötür:
"Konvensiya 1875-ci ildə Parisdə qəbul edilib. Həmin dövrdə müxtəlif dövlətlər bir araya gələrək ölçü və çəki vahidləri üzrə vahid standartların müəyyənləşdirilməsi barədə razılığa gəliblər. Çünki o zaman hər ölkənin özünəməxsus ölçü və çəki sistemləri mövcud idi. Bu gün də bəzi ölkələrdə məsafə üçün mil, dəniz mili, fut və digər fərqli vahidlərdən istifadə olunur.
Konvensiya çərçivəsində ölçü və çəki vahidlərinin beynəlxalq standartları hazırlanıb və onların etalon nümunələri Parisdə saxlanılır. Məqsəd bütün iştirakçı ölkələr üçün vahid ölçü və çəki sisteminin formalaşdırılmasıdır."
S.Məmmədovun sözlərinə görə, konvensiyaya qoşulan dövlətlər öz ölçü və çəki vahidlərini həmin beynəlxalq standartlara uyğunlaşdırmalıdırlar:
"Azərbaycan isə faktiki olaraq uzun illərdir bu standartlardan istifadə edir. Hələ Sovet dövründən ölkəmizdə metrik sistem tətbiq olunurdu. Buna görə də “Metrik Konvensiyası”na qoşulma Azərbaycan üçün daha çox hüquqi və formal xarakter daşıyır. Yəni, praktikada istifadə etdiyimiz sistem dəyişmir, sadəcə ölkəmiz beynəlxalq konvensiyanın tamhüquqlu iştirakçısına çevrilir."
Nigar Xəlilli
20:00 08.07.2026
Oxunuş sayı: 127