BMT iclası müharibənin taleyini dəyişəcək? – Politoloqdan kritik açıqlama
Rusiyanın son günlər Ukraynaya qarşı həyata keçirdiyi kütləvi raket və pilotsuz uçuş aparatları hücumları beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Hücumların ardınca Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib. Rəsmi Kiyev hesab edir ki, mülki infrastrukturun hədəfə alınması və hücumların intensivləşməsi beynəlxalq ictimaiyyətin təxirəsalınmaz reaksiyasını tələb edir.
Lakin bu müraciət BMT-nin münaqişəyə təsir imkanları ilə bağlı sualları da yenidən gündəmə gətirib. Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü və veto hüququna malik ölkə olduğu halda, təşkilatın qəbul edə biləcəyi qərarlar müharibənin gedişinə real təsir göstərə bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Tural İrfan bildirib ki, Rusiya-Ukrayna müharibəsi artıq həlledici mərhələyə çatıb və tərəflərin geri çəkilmək niyyəti görünmür.

Onun sözlərinə görə, Rusiya əvvəllər istifadə etmədiyi hərbi strategiyaları tətbiq etməklə müharibədə üstünlüyünü qorumağa çalışır, Ukrayna isə əsasən Qərb ölkələrinin hərbi və maliyyə dəstəyinə arxalanır. Bu səbəbdən cəbhədə qüvvələr nisbəti vaxtaşırı dəyişir.
Politoloq hesab edir ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həllinə təsir imkanları kifayət qədər məhduddur: “BMT əvvəlki nüfuzunu böyük ölçüdə itirib. Təhlükəsizlik Şurasının əsas funksiyası tövsiyələr verməkdir. Üstəlik, Rusiyanın Şuranın daimi üzvü olması və veto hüququna malik olması qəbul ediləcək qərarların effektivliyini azaldır. İndiyədək nə Fələstin-İsrail, nə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı keçirilən iclaslar real nəticə verməyib”.
T. İrfanın sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi artıq yalnız iki dövlət arasında silahlı qarşıdurma deyil, daha geniş geosiyasi rəqabətin tərkib hissəsinə çevrilib: “Bu prosesdə kollektiv Qərb, ABŞ, Çin və digər böyük güclərin maraqları toqquşur. Rusiya bunu kollektiv Qərblə mübarizə kimi qiymətləndirir. Müharibənin taleyi də əsasən bu güclər arasında siyasi və iqtisadi razılaşmalardan asılı olacaq”.
Ekspert qeyd edib ki, Qərbin əsas məqsədlərindən biri uzunmüddətli müharibə fonunda Rusiyanı iqtisadi və siyasi baxımdan zəiflətməkdir. Onun fikrincə, böyük dövlətlər arasında ortaq razılıq əldə olunmayınca münaqişənin yaxın perspektivdə başa çatacağı inandırıcı görünmür.
“Əgər pərdəarxası geosiyasi maraqlar uzlaşdırılarsa, müharibə qısa müddətdə dayana bilər. Hazırkı vəziyyət isə göstərir ki, belə bir razılıq yoxdur. Bu səbəbdən BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilsə belə, bunun müharibənin gedişinə ciddi təsir edəcəyi ehtimalı çox aşağıdır”, – deyə politoloq əlavə edib.
Təhminə Abdurəhimova
18:06 06.07.2026
Oxunuş sayı: 135