Avropa İttifaqı və Cənubi Qafqaz münasibətlərində yeni tarixi mərhələ başlayır
Azərbaycan Prezidenti İlham Əliyev öz sosial media hesabındakı paylaşımda qeyd edib ki, “Azərbaycan–Avropa Komissiyası münasibətləri fəal inkişaf mərhələsindədir”. Bu fikir son dövrlər tərəflər arasında siyasi dialoqun və strateji əməkdaşlığın yeni dinamika qazandığını göstərir. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, yaşıl enerji, ticarət əlaqələri və regional əməkdaşlıq gündəliyin əsas istiqamətləri kimi ön plana çıxır. Xüsusən Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri çərçivəsində tərəflər arasındakı əməkdaşlıq olduqca vacib əhəmiyyət kəsb edir. Bəs bu fəal inkişaf konkret olaraq hansı sahələrdə özünü göstərir və tərəflər arasında əməkdaşlığın yeni mərhələsini xarakterizə edən əsas amillər hansılardır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib: “Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyenin Azərbaycana səfəri və Azərbaycan Prezidenti ilə keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər Avropa İttifaqı–Azərbaycan münasibətlərini tamamilə yeni bir mərhələyə yüksəldir. Bənzər ifadəni Ursula von der Leyen də işlədərək münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu vurğuladı. Məsələnin mahiyyəti göründüyündən daha böyükdür. Çünki söhbət Cənubi Qafqazın Avropaya inteqrasiyasından gedir. Burada paralel olaraq Cənubi Qafqazın iqtisadiyyatının, kommunikasiya xətlərinin və enerji mənbələrinin Avropa ilə inteqrasiyası nəzərdə tutulur. İkinci mühüm məqam Ursula von der Leyenin də qeyd etdiyi kimi, Azərbaycan üzərindən qurulacaq bağlantılar vasitəsilə Mərkəzi Asiyanın Avropa ilə əlaqələndirilməsidir. Yəni Avropa İttifaqı, Mərkəzi Asiya və Cənubi Qafqaz münasibətlərində tamamilə fərqli, yeni tarixi mərhələ başlayır”.

Deputat əlavə edib ki, bu dəfəki görüşdə həm Azərbaycan–Avropa İttifaqı münasibətləri ikitərəfli formatda müzakirə olundu, həm də münasibətlərin perspektivləri nəzərdən keçirildi: “Artıq konkretləşdirilmiş layihələrin icra mərhələsinə başlanılması ilə bağlı qərarlar qəbul edildi. Bu, məsələnin bir tərəfidir. İkinci tərəf isə Azərbaycan Prezidenti İlham Əliyevin dediyi “bağlantı layihələri”nin mühüm əhəmiyyət daşımasıdır. Doğrudur, burada inzibati sərhədlərimizdən kənarda yerləşən coğrafi məkanların adı birbaşa çəkilmədi. Lakin məlumdur ki, bu “bağlantı” anlayışının və ya yeni termin kimi işlədilən ifadənin arxasında ilk növbədə Zəngəzur dəhlizi bağlantısı dayanır. Bundan başqa, Transxəzər bağlantısı, yəni Türkmənistan–Azərbaycan arasında mümkün nəqliyyat və kommunikasiya əlaqəsi nəzərdə tutulur. Digər mühüm istiqamət Naxçıvan üzərindən Ermənistanla yaradılacaq bağlantıdır. Bundan əlavə, Türkiyə üzərindən Ermənistanla əlaqələrin qurulması kimi istiqamətlər də bu konsepsiyaya daxildir. Bu bağlantıların sayını artırmaq da mümkündür. Bütün bunların bu şəkildə ifadə olunması Cənubi Qafqazın Avropaya inteqrasiyası istiqamətində atılan mühüm addımlardır. Çünki bu bağlantılar, yaxud qlobal qapılar adlandıra biləcəyimiz keçidlər açılmasa, bu inteqrasiyanı həyata keçirmək mümkün deyil. Mövzuya təkcə bağlantılar kontekstindən yanaşsaq belə, bunun özlüyündə mühüm tarixi hadisə olduğunu görə bilərik.
H.Babaoğlu əlavə edib ki, Avropanın maliyyə
resursları və siyasi mexanizmlər vasitəsilə bu proseslərdə iştirak etməsidir
mühüm məsələdir: “Ursula von der Leyen qeyd etdi ki, ilkin mərhələdə 200 milyon
avro həcmində qrant ayrılacaq. Daha sonra isə bağlantı layihələri üçün
ayrılacaq vəsaitin 2 milyard avroya qədər artırılması mümkündür. Bu vəsaitin
qrant, güzəştli kredit və ya başqa maliyyə aləti formasında təqdim ediləcəyi
barədə konkret fikir səsləndirilmədi. Lakin bütün hallarda Avropa maliyyəsinin
bu proseslərdə iştirak edəcəyi aydındır. Bu isə həmin layihələrin
etibarlılığını, davamlılığını və həyata keçirilməsi imkanlarını əhəmiyyətli dərəcədə
artıran mühüm amildir”.
Ayhan
10:00 03.07.2026
Oxunuş sayı: 68